Noyabrın 2-də Ağstafa rayonunun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 125 abonenti olan qəsəbənin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13170 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. Tədbirdə çıxış edən sakinlər təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Hazırda Ağstafa rayonunun daha 4 kəndində - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcəkdir.