27 avqust 2025 00:35
99

Gümrüdəki 102-ci hərbi baza qovulur

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının burada saxlanmasını ermənilər özlərinə təhdid hesab edirdilər. Əvvəllər bu narazılığı məxfi saxlasalar da, son illər açıq surətdə büruzə verirlər. Artıq neçənci dəfədir ki, etiraz mitinqləri keçirilməkdədir. Bu günlərdə bir dəstə erməni hərbi bazanın qarşısına toplaşaraq hərbçilərdən oradan çıxıb getmələrini tələb ediblər.

Onu da qeyd edək ki, Gümrüdəki etiraz aksiyasını Rusiya hərbi bazası yaxınlığında “Respublika Naminə” partiyasının üzvləri təşkil edib. Ümumiyyətlə, bu siyasi təşkilat 102-ci bazanın ölkədə qalmasının əleyhinədir. Rusiyapərəst qüvvələr istisna olmaqla bütün başqa qruplar partiyanın ətrafında sıx birləşiblər.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya hərbi bazası Ermənistan ərazisindən çıxarılmalıdır, Ermənistan öz ərazisində xarici dövlətin bazasını saxlamaq istəmir və buna ehtiyac görmür. Bəs 102-ci hərbi bazanın potensialı və gücü nədən ibarətdir? Ermənistan üçün hansı təhlükəni vəd edir?

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası 21 ildir ki, Gümrüyə gətirilib. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş qüvvəsi İrəvan və Gümrü qarnizonlarından ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakterioloji mühafizə taborları, zirehli texnika əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi, təsərrüfat-təchizat bölmələri və s. fəaliyyət göstərir.

Ermənistan kimi kiçik və zəif bir ölkəyə gətirilimiş bu qədər müasir ordu birləşmələri əlbəttə, böyük hərbi qüvvədir. Əslində bu qədər hərbi qüvvə təkcə Ermənistana qarşı deyil. Əsas hədəf Türk birliyi, Türkiyə və Azərbaycandır. Gümrü hərbi bazasını təşkil edənlərin əsas məqsədlərindən biri və ən başlıcası budur. Təşkilatçılar hesab edirdilər ki, Türk birliyi nə vaxtsa qüvvətlənəcək, onların güclü rəqibinə çevriləcək. Bu fikir Rusiyanın işğalçı planlarından, eqoizmindən və Türk dünyasına dərin nifrətindən irəli gəlir.

Nikol Paşinyan baş nazir postunu tutandan sonra artıq ermənilər bir neçə ildir ki, onları boyunduruqda əzən, daxili işlərinə qarışan, iki yüz il idarə edən Rusiyaya qarşı kütləvi etirazlara qalxmışlar.

Digər tərəfdən, ABŞ-da imzalanmış sazişlər Azərbaycan və Ermənistana yeni inkişaf imkanları vəd edir. Belə ki, Azərbaycan üçün bu razılaşmalar yalnız siyasi uğur deyil, həm də iqtisadi və strateji dividendlərin başlanğıcıdır. Çünki rəsmi Bakı Avrasiyanın enerji və ticarət xəritəsində artıq mərkəzi oyunçuya çevrilir. Ermənistan isə uzun illər regional blokadadan sonra ilk dəfə “tranzit ölkə” statusu qazanmaq şansına malikdir. Əslində, Ermənistanın baş naziri Nikol Paşinyanın vurğuladığı “ölkə siyasətinin qlobal proseslərlə üst-üstə düşmə” məqamı da dolayısı məhz bu yeni şansın ifadəsidir.

Ancaq bütün bunları Cənubi Qafqaza təsir göstərmək iddiasında olan Rusiya və İran haqqında iddia etmək hazırda qətiyyən mümkün deyil. Çünki bu regiondakı dəyişikliklər Rusiya və İranın geopolitik maraqları ilə kəskin ziddiyyət təşkil edir. İran üçün Zəngəzur dəhlizi həm iqtisadi, həm də strateji təcrid olaraq dəyərləndirilir. Bu, rəsmi Tehranın xarici siyasətində təsir imkanlarının daralması ilə nəticələnə bilər. Rusiya isə Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı mövqelərini sürətlə itirir. ABŞ-ın bu bölgədə uzunmüddətli infrastruktur və hərbi mövcudluğu Rusiya üçün “yeni qapalı zona” anlamına gəlir.

Göründüyü kimi, prezident Donald Trampın təşəbbüsü ilə Ağ Evdə imzalanan üçtərəfli sazişin əsas nəticələrindən biri də Cənubi Qafqazda yalnız regional sabitlik deyil, həm də məhz qlobal güc balansının da dəyişməsi deməkdir. ABŞ yeni qitələrarası tranzit arteriyasına nəzarət etməklə, həm Avropanın enerji təhlükəsizliyini gücləndirəcək, həm də Rusiya və İranın regional təsirini kəskin şəkildə zəiflədəcək.

Baş nazir Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanı artıq Qərbin nəhəng strateji layihələrinin tərkib hissəsi kimi təqdim etməyə çalışır. Rəsmi Bakı isə öz geopolitik hədəfinin reallaşmasından - Azərbaycanın Cənubi Qafqazda əsas strateji oyunçuya çevrilməsindən tamamilə məmnundur. Buradan çıxan əsas nəticə odur ki, Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. ABŞ-ın bu regiona yerləşməsi ilə qurulmaqda olan yeni Cənubi Qafqaz düzəni Rusiya və İranın təsir dairəsini daha da daraldır, Azərbaycan və Ermənistanı isə Qərbin əsas tərəfdaşlarına çevirir.

Dediyimiz kimi, bu məsələdə Ermənistana ABŞ-ın köməyi mütləqdir. Çünki Cənubi Qafqazdan Rusiyanın çıxarılması ideyası ABŞ-a məxsusdur. Qısaca desək, bölgə ölkələri də işğalçı Rusiyanın buradan qovulmasına dəstək verirlər.

Vəli İlyasov, “İki sahil”