03 noyabr 2016 15:10
4317

Neftli-qazlı sahələrdə 3D seysmik kəşfiyyat işləri aparılıb

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü tərəfindən, 2016-cı ilin doqquz ayı ərzində verilmiş geoloji tapşırıqlara əsasən, ölkənin müxtəlif ərazilərində kəşfiyyat geofizikası üzrə tədqiqat işləri aparılıb. Bu barədə Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün rəisi Hümbət Vəliyevdən məlumat aldıq. 

H.Vəliyev bildirdi ki, “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü tərəfindən Muradxanlı NQR-in Zərdab-Şıxbağı-Qışlaq sahəsində aparılan üçölçülü (3D) seysmik və qravimaqnitometrik kəşfiyyat işlərinin emalı və interpretasiyası işləri başa çatdırılıb: “İşlərin nəticəsi olaraq beş seysmik horizont üzrə (Üst Təbaşirin səthi, Orta Eosenin səthi, Üst Eosenin səthi, Maykopun aşağılarında və Maykopun səthi) struktur xəritələr qurulub, Zərdab, Şıxbağı, Şərqi Şıxbağı, Qışlaq strukturlarının tektonik quruluşu dəqiqləşdirilib. Eyni zamanda, quyu və seysmik məlumatları əsasında sahənin kollektorluq xüsusiyyətini səciyyələndirən petrofiziki proqnoz modelləri hesablanıb, Mezozoy və Paleogen-Miosen çöküntülərinin kəsilişini, litoloji-stratiqrafik və tektonik ekranlaşmış tələlərin neft qazlılığını müəyyən etmək məqsədi ilə sahənin ayrı-ayrı yerlərində 3 axtarış quyusunun qazılması təklif edilib.”

Cari ildə Abşeron neftli-qazlı rayonunun Qoşadaş sahəsində 149,13 km2 həcmində 3D dəniz seysmik kəşfiyyat işləri yerinə yetirilib, nəticələr emal olunub, alınan 3D seysmik zaman kubu əvvəlki illərdə işlənilən 2D seysmik profillərinin məlumatları ilə birlikdə təhlil olunaraq dəyərləndirilib. Sahə üzrə layihə tapşırığında qeyd olunan 4 seysmik horizont (Üst Təbaşir, Miosen, Qırməki lay dəstəsi və Fasilə lay dəstəsi) üzrə interpretasiya işləri aparılıb, tektonik qırılmalar izlənilib. Sahənin mürəkkəb geoloji-tektonik quruluşa malik olduğunu nəzərə alaraq, seysmik horizontların korrelyasiyası bir neçə variant üzrə aparılıb və optimal modellər seçilib. Eyni zamanda, Üst Təbaşirin səthi, Miosenin yuxarıları, Qırməki və Fasilə lay dəstəsinin tavanına uyğun gələn seysmik horizontlar üzrə struktur xəritələr qurulub və məlumatların atribut analizi həyata keçirilib.

H.Vəliyev diqqətə çatdırdı ki, Geofizika və Geologiya İdarəsinin Kompleks Mühəndisi-Axtarış İstehsalat Bölümü (KMAİB) tərəfindən yerinə yetirilən “Abşeron-Balxanyanı neftli-qazlı zonasında məhsuldar layların sahə üzrə izlənməsi” mövzusu üzrə müxtəlif illərdə işlənilən seysmik profillər təhlil edilib və seysmigeoloji profillər qurulub. Bu məqsədlə Abşeron-Balxanyanı neftli-qazlı zonasında yerləşən sahələr üzrə seysmik profillərin dinamik kəsilişlərdə əsas dayaq horizontlarının izlənilməsi, quyu və seysmik məlumatlar əsasında qumlu horizontların öyrənilməsi, onların regional dəyişkənliyinin qiymətləndirilməsi həyata keçirilib. Belə ki, zaman və dərinlik kəsilişlərində 7 seysmik horizont üzrə - SrLD, SbLD, BLD, QÜQ, QD, QA,QaLD müxtəlif istiqamətli korrelyasiya sxemləri və regional profillər tərtib edilib, strukturlar üzrə petrofiziki modellər qurulub.

Bundan başqa “Bakı arxipelaqının Səngəçal-dəniz-Babək, Hamamdağ-dəniz-Naxçıvan və Bəndovan-dəniz neftli-qazlı zonasında məhsuldar layların sahə üzrə izlənməsi” mövzusu üzrə də analoji işlər yerinə yetirilib.

Bölümün rəisi onu da qeyd etdi ki, SOCAR-ın Geofizika və Geologiya İdarəsi ilə “BP” Eksploreyşn limited arasında bağlanmış müqaviləyə əsasən Abşeron Yarımadasında və ona bitişik dəniz sahəsində işlənmiş 2D seysmik profillərin təkrar emalı həyata keçirilib və ayrı-ayrı horizontlar üzrə müxtəlif geofiziki və geoloji parametrləri əks etdirən kəsilişlər və xəritələr qurulub.

“Azneft” İB-nin sifarişi ilə Aşağı Kür NQR-in Xıdırlı-Bəndovan sahəsində hazırda aparılan üçölçülü (3D) seysmik və qravimaqnitometrik kəşfiyyat işləri artıq başa çatmaq üzrədir. 3D seysmik kəşfiyyat işlərinin geoloji dəyərləndirilməsinə hazırlıq məqsədi ilə sahə üzrə toplanılan geoloji-geofiziki məlumatlar araşdırılıb və seysmik məlumatlarla birlikdə interpretasiya sistemində layihəyə daxil edilib” deyən H.Vəliyev qeyd etdi ki, Geofizika və Geologiya İdarəsi “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün dəniz seysmik ekspedisiyası Bakı arxipelaqı Abşeron neftli-qazlı rayonunun “Bulla-dəniz” sahəsində ikiölçülü (2D) müşahidə sisteminin tətbiqi ilə, Alt pliosen çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi və layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi məqsədilə, dənizdibi avadanlıqlarla 16 profil üzrə 350 x.km uzunluğunda seysmik kəşfiyyat işləri aparıb və hazırda alınan məlumatların geoloji dəyərləndirilməsi işlərinə başlanılıb.

Orxan Vahidoğlu, “İki sahil”