04 noyabr 2016 23:26
496

Dəm qazı can almasın

Nəzərə alsaq ki, qış fəsli yaxınlaşır və bir çox insanlar öz mənzillərində qazla işləyən qızdırıcı cihazlardan istifadə edirlər.  Köhnə vaxtlardakı kimi soyuqlar hər kəsi bir soba ətrafına toplamasa da təhlükə yaratmaq vərdişi hər zaman öz işini görür. Dəm qazından zəhərlənmə hallarına hər il rast gəlirik, desək yalan olmaz. Bunun qarşısını necə ala bilərik və ya necə zəhərlənməni  hiss etmək olar?

Dəm qazı ilə zəhərlənmənin əlamətləri?

Dəm qazından zəhərlənmənin də dərəcələri var. Belə ki, yüngül, orta ağır və ağır olmaqla dərəcələrə bölünür. Zəhərlənmə zamanı başgicəllənmə, başağrısı, qulaqda küy, ürəkbulanma, qaytarma, yuxululuq, müqavimətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma, koma və tənəffüs mərkəzində iflic nəticəsində ölüm halları baş verir.

Boğulma hallarının qarşısını necə alaq?

Dəm qazından boğulma hallarının olmaması üçün ilk öncə diqqətli olmaq lazımdır. Sertifikatı olan və düzgün işləyən sobalardan, qaz cihazlarından istifadə olunmalıdır. Boruların keçiriciliyi mütəmadi olaraq yoxlanılmalı və təmizlənməlidir. Sobaların tüstü çıxaran borularının düzgün quraşdırıldığından əmin olmaq lazımdır. Evinizdə, vanna otağında və ya qaz cihazları olan yerlərdə mütləq nəfəsliklər açıq olmalıdır. Otaqların havasını vaxtaşırı dəyişmək lazımdır. Bu sizin həyati təhlükəsizliyiniz üçün çox önəmlidir.

Qaz zəhərlənməsinə ilk yardım necə olunmalıdır?

Dəm qazı iysiz, rəngsiz, dadsız olduğu üçün çox təhlükəlidir. Elə buna görə də zəhərlənmə halları qətiyyən nəzərə çarpmadan və zərərçəkənin xəbəri olmadan baş verir . Dəm qazı (elmi adı CO - yəni, karbon monooksid) yanma prosesi olan istənilən yerdə yarana bilər. Nəfəs aldığımız havada CO qazının sıxlığı 0,08% olduqda insan başağrı hiss edir, 0,32%-də huşun itməsi və yarım saat ərzində ölüm baş verir. CO-nun sıxlığı 1,2% olarsa, insan 2-3 dəqiqə ərzində ölə bilər.

Qaz və yağ sobaları, odun sobası, müxtəlif qaz cihazları dəm qazı mənbəyi ola bilər. Dəm qazından zəhərlənmə hallarına rast gəlsəniz ilk əvvəl zəhərlənən adamı oradan uzaqlaşdırın. Xəstənin vəziyyətini nəfəs alıb-verməsini müşahidə edin. Zərərçəkmiş şəxsi arxasıüstə rahat uzandırıb dar və sıxıcı paltarlarını soyundurun. Başına və sinəsinə soyuq kompress qoyun. Əgər huşu özündədirsə, ona isti çay içirin. Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı onun burnuna yaxınlaşdırıb iylətmək olar. Tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs verməyə başlamaqla “təcili yardım” çağırmaq lazımdır. Bunlar hadisə yerində hər bir adamın göstərə biləcəyi ilk yardımdır. Bunlardan başqa, ixtisaslı həkim yardımına da ehtiyac var. Dəm qazından zəhərlənən insanların ağırlılıq dərəcəsindən asılı olmayaraq xəstəxanaya aparılması vacibdir.

Röya Şahbazi, “İki sahil”