Bu gün Neft Daşlarında çalışan fədakar neftçilərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. SOCAR rəhbərliyinin tapşırıq və tövsiyələri, “Azneft” İstehsalat Birliyinin diqqəti nəticəsində burada çalışan insanlar hər cür qayğı ilə əhatə olunublar.
SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin Sosial inkişaf şöbəsinin rəisi Əhməd Musayevdən aldığımız məlumata görə, Neft Daşlarında çalışan işçilərin rahat yaşaması və fəaliyyəti üçün lazım olan bütün zəruri tədbirlər görülür. Şöbə rəisi qeyd edir ki, Neft Daşları ailəsinin hər bir üzvü daim “Azneft” İstehsalat Birliyi rəhbərliyinin xüsusi diqqət və qayğısını hiss edir.
2016-cı ilin yanvar-oktyabr aylarında neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində “Neft Daşları” NQÇİ-də xeyli işlər görülüb. Belə ki, 1 saylı NQÇS-in 2164 saylı meydançasına yeni məişət evciyi verilib. 2 saylı NQÇS-in inzibati binasının dam örtüyü təmir olunub, 418 saylı meydançasına vaqon evcik verilib. 3 saylı NQÇS-in özüllərində vaqon evciklərin dam örtükləri təmir olunub. 4 saylı NQÇS-in inzibati binasının dam örtüyü təmir olunub, 2521 saylı SDÖ-dəki yaşayış bloku 602A saylı SDÖ-yə verilib. 2521 saylı SDÖ-də “Əks-osmos” su şirinləşdirici qurğu quraşdırılıb, yeni məişət evciyi verilib. 5 saylı NQÇS-in inzibati binasının dam örtüyü təmir olunub.
Ümumiyyətlə, Neft Daşlarının bütün yaşayış və istehsalat sahələrində işçilər üçün hər cür şərait yaradılıb, onlar lazım olan məişət texnikası və digər avadanlıqlarla təmin ediliblər. Əlverişsiz hava şəraiti ilə bağlı özüllərdəki işçilər 6 ay müddətinə xarab olmayan ərzaq məhsulları ilə təmin olunub. Neft Daşları ərazisində dizinfeksiya, dezinseksiya və deratizasiya işləri görülüb. 1-ci və 2-ci “Əks-osmos” qurğularında gündəlik tələbata uyğun təmizlənmiş dəniz suyu İES-də qızdırılıb və sutka ərzində yataqxana korpuslarına verilib. Həmçinin işçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə gətirilib aparılmaları, içməli suyun və ərzaq məhsullarının təminatı tam şəkildə həyata keçirilib.
Ən çox diqqət yetirilən vacib məqamlardan biri də məhz dəniz neftçilərinin normal şəkildə qidalanmasıdır. Bu gün Neft Daşlarında 4 yeməkxana fəaliyyət göstərir və burada eyni vaxtda 1500-ə yaxın insan yemək yeyir. “Xəzər iaşə” MMC-nin Neft Daşları üzrə 1 saylı yeməkxanasının müdiri Akif Əhmədov bildirdi ki, neftçilərin təmiz, keyfiyyətli qidalanması üçün hər zaman lazım olan bütün tədbirlər görülür. Neftçilərə gün ərzində 3 dəfə yemək verilir. Menyu isə müxtəlif isti yeməklər, salatlar, meyvə şirələri və mineral sular və s. daxildir.
Təbii ki, yeməkxanalara gətirilən qidalar ciddi yoxlamalardan keçirilir. Qeyd edək ki, bununla əlaqədar yaradılmış komissiya gündəlik olaraq ərzaqların, yeməklərin keyfiyyətini yoxlayır, öz rəyini bildirir. Qarşıya qoyulan əsas şərt isə sözsüz ki, yüksək keyfiyyətdir. Digər bir məqam isə yeməkxanalarda şikayət və təkliflər üçün jurnalların olmasıdır. Burada yemək yeyən hər bir insan öz şikayət və təkliflərini bu jurnallarda qeyd edə bilər. Yeməkxananın müdiri Akif Əhmədov qeyd etdi ki, jurnallar tez-tez nəzərdən keçirilir, haqlı şikayət və təkliflər araşdırılır, yerindəcə tədbir görülür. Elə buna görə də Neft Daşlarında çalışan hər bir insan yeməkxanalarda təmizlik və yeməklərin keyfiyyətindən razılığını bildirir.
Nail Rəhimzadə, “İki sahil”