17 sentyabr 2025 11:21
88

Güc və birliyin nümunəsi

Son dövrlərdə Xocavənd və Xocalıda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri yalnız ölkə ictimaiyyətində böyük maraq  yaratmaq və dəstək qazanmaqla qalmır, həm də Azərbaycanın ərazi bütövlüyü və milli birliyinin güclü ifadəsi kimi qiymətləndirilir.

İki sahil.tv-yə müsahibəsində politoloq Aytən Qurbanova vurğulayıb ki, bu bərpa prosesləri bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət etməklə yanaşı, gələcək nəsillər üçün etibarlı, dayanıqlı inkişaf zəmininin yaradılmasına yönəlib.

-Aytən xanım, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocavənd və Xocalıya növbəti səfəri işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesinə bölgədə həyatın tam bərpası və inkişafına hansı töhfələri  verdiyini göstərir?

-Dövlət başçımızın Xocavənd və Xocalıya növbəti səfəri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesinin sürətlə və uğurla davam etdiyini bir daha aydın şəkildə göstərən önəmli məqamdır. Bu səfərlər yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eləcə də bölgədə sosial həyatın canlanmasına, sakinlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına böyük töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə həyat yeni mərhələyə qədəm qoyur, bölgənin davamlı inkişafı üçün möhkəm təməl yaradılır. Eyni zamanda, aparılan tədbirlər işğaldan azad edilmiş torpaqlarda Azərbaycanın suverenliyinin möhkəmlənməsi və regionun yenidənqurulması siyasətinin uğurlu təcəssümüdür.

-Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, dövlət siyasətində hansı prioritetlərin ön planda olduğunu göstərir?

-Dövlət başçımızın Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafına verdiyi böyük önəmi bariz şəkildə göstərir. Bu səfərlər Böyük Qayıdış siyasətinin prioritet olduğunu, regionun sosial-iqtisadi həyatının canlandırılmasının, infrastrukturun yenidən qurulmasının və sakinlərin doğma yurdlarına təhlükəsiz qayıdışının dövlət üçün əsas məsələ olduğunu nümayiş etdirir. Həmçinin belə səfərlər milli birlik, dövlətin iradəsi və bölgədə davamlı sülhün təmin olunması kimi strateji məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş mühüm mesaj xarakteri daşıyır. Belə ki, səfərlər bir tərəfdən regionun bərpası və inkişafının yüksək səviyyədə nəzarətdə saxlandığını göstərir, digər tərəfdən isə sakinlərə dövlətin hər zaman onlarla bərabər olduğunu və onların qayğısına qaldığını aydın və konkret şəkildə ifadə edir. Ona görə də, vətəndaşlar öz doğma torpaqlarına inamla qayıdaraq ata-baba yurdlarının sosial-iqtisadi dirçəlişinə stimul verirlər.

-Dövlət başçısı İlham Əliyevin Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoyması dövlətin işğaldan azad olunmuş ərazilərə qayıdış siyasətində hansı siyasi və strateji mesajları özündə ehtiva edir?

-Prezident İlham Əliyevin Qaraxanbəyli kəndinin təməlini qoyması dövlətin Böyük Qayıdış siyasətinin həm siyasi, həm də strateji nöqteyi-nəzərdən verdiyi mühüm mesajlarla yadda qaldı. Bu addım, ilk növbədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə suverenliyini bərqərar etməklə yanaşı, bu torpaqlarda müasir və dayanıqlı həyatın qurulması istiqamətində qətiyyətli iradəsini nümayiş etdirir. Dövlət başçısının iştirakı ilə reallaşan bu kimi tədbirlər göstərir ki, qayıdış sadəcə fiziki məskunlaşma deyil, həm də milli iradənin, tarixə və ədalətə sadiqliyinin simvoludur. Qaraxanbəyli kəndinin yenidən qurulması, eləcə də Azərbaycanın post-münaqişə dövründəki strateji baxışını və planlı şəkildə həyata keçirdiyi reinteqrasiya siyasətini ortaya qoyur. Burada tətbiq edilən “ağıllı kənd” modeli və müasir infrastruktur layihələri yalnız yerli əhalinin rifahına deyil, həm də regionda nümunəvi inkişaf modelinin formalaşmasına xidmət edir. Bu addım həm də dünyaya verilən açıq mesajdır ki, Azərbaycan heç bir xarici təzyiqə baxmadan öz milli maraqlarını qoruyan və sülhə hazır olan güclü mövqeyə sahib bir dövlətdir. Beləliklə, Qaraxanbəylidə təməlqoyma mərasimi, əslində Böyük Qayıdış prosesinin davamlı və dönməz xarakter daşıdığını, eyni zamanda Azərbaycanın gələcəyə yönəlmiş strateji baxışının tərkib hissəsi olduğunu təsdiqləyir.

-Hadrutda yeni məscidin istifadəyə verilməsi və ümumilikdə işğaldan azad olunmuş ərazilərdə dini ibadət ocaqlarının bərpası Azərbaycanın milli-mənəvi irsinə verdiyi önəmi və bölgədə suverenliyini hansı şəkildə ifadə edir?

-Hadrutda yeni məscidin istifadəyə verilməsi və ümumilikdə işğaldan azad olunmuş ərazilərdə dini ibadət ocaqlarının bərpası Azərbaycanın milli-mənəvi dəyərlərə sadiqliyinin bariz nümunəsidir. Bu addım təkcə dini-mədəni irsin bərpası deyil, həmçinin işğaldan azad edilmiş ərazilərdə tam suverenliyin təmin olunmasının rəmzidir. Azərbaycanın bu ərazilərdə dini abidələri bərpa etməsi tarixi ədalətin bərpası kimi dəyərləndirilməlidir. Məscidlərin yenidən inşası bu torpaqlarda həyatın qayıdışını, insanların mənəvi bağlarının möhkəmləndiyini və Azərbaycanın bölgədəki qətiyyətli iradəsini nümayiş etdirir. Bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində hərtərəfli bərpa prosesini sistemli şəkildə həyata keçirdiyini göstərir.

-Sos kəndinin azad edilməsindən sonra aparılan sürətli bərpa işləri və ilk sakinlərin qayıdışı Azərbaycanın bölgədə suverenliyini möhkəmləndirmək baxımından hansı siyasi və strateji əhəmiyyət daşıyır?

-Birmənalı şəkildə ifadə edilməlidir ki, Sos kəndində aparılan bərpa-quruculuq işləri və sakinlərin qısa müddətdə geri qayıtması yalnız infrastrukturun dirçəldilməsi deyil, həm də sosial-iqtisadi sistemin yenidən formalaşdırılması məqsədilə strateji əhəmiyyət daşıyır. Bu addımlar bölgədə dayanıqlı yaşam mühitinin yaradılması və uzunmüddətli məskunlaşmanın təmin olunmasına xidmət edir. Sosda dövlət qurumlarının fəaliyyətə başlaması, ictimai xidmətlərin bərpası və yerli idarəetmə strukturunun formalaşması Azərbaycanın bu ərazilərdə tam funksional idarəçilik mexanizmini bərpa etdiyini sübut edir. Bu həm də postmünaqişə dövründə reinteqrasiya prosesinin uğurla həyata keçirildiyini göstərir. Ən əsası isə bu qayıdış prosesi yerli əhali ilə dövlət arasında qarşılıqlı etimadı gücləndirir və vətəndaşların öz doğma torpaqlarında gələcəyə inamla yaşamasına zəmin yaradır.

-Xocavənd rayonunda Prezident İlham Əliyevin sakinlərlə səmimi görüşü dövlət və vətəndaş arasında münasibətlərin möhkəmlənməsi baxımından hansı mesajları ehtiva edir və Böyük Qayıdış prosesinə necə təsir göstərir?

-Dövlət başçımızın Xocavənd rayonunda sakinlərlə səmimi görüşü dövlətin vətəndaşla birbaşa təmasda olmasını, onların qayğı və ehtiyaclarının dinlənməsini və həlli istiqamətində operativ qərarların qəbul edilməsini hədəfləyir. Beləliklə də Böyük Qayıdış prosesi çərçivəsində atılan bütün bu addımlar və dövlət başçımızla görüşlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının və təhlükəsiz yaşayışının təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu göstərir. Bu cür görüşlər vətəndaşlarda inam və güvəni artırır, eləcə də onların qayıdış prosesinə daha fəal və ümidli şəkildə qoşulmasına təkan verir. Dövlət başçısının birbaşa iştirakı ilə gerçəkləşən bu addımlar həm milli birliyin güclənməsinə, həm də azad edilmiş torpaqlarda sabitlik və rifahın qurulmasına töhfə verir.

-Bu səfərlərin ölkə daxilində milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində rolu nədən ibarətdir?

- Dövlət başçısının işğaldan azad olunmuş bölgələrə birbaşa diqqəti və sakinlərlə səmimi görüşləri vətəndaşlarda qayıdış prosesinə inam yaradır, həmrəyliyi artırır və ölkə əhalisini bir məqsəd ətrafında birləşdirir. Bu həm də milli həmrəyliyi, tarixi ədalətin bərpasını və gələcəyə ümidi simvolizə edir. Nəticədə, vətəndaşların dövlət siyasətinə dəstəyi güclənir, ölkə daxilində möhkəm birlik və qarşılıqlı anlaşma təmin olunur. Xocavənd və Xocalıda aparılan yenidənqurma işləri Azərbaycan dövlətinin gücünü və xalqın birliyini göstərir. Bu bölgələrdə yalnız fiziki infrastruktur deyil, həm də mədəniyyət, tarix və kimlik yenidən canlanır. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və vətəndaşların dəstəyi sayəsində Qarabağda yeni həyat qurulur ki, bu da Azərbaycanın milli iradəsinin və davamlı inkişaf siyasətinin bariz nümunəsidir. Bu proses regionda sülhün və dayanıqlı inkişafın əsasını qoyur və insanların öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir.

-Xankəndidə Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin açılması dövlətin Qarabağda təhsilin inkişafına verdiyi önəmi necə nümayiş etdirir?

-Xankəndidə Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsinin açılması Azərbaycanın elm və təhsilə verdiyi prioritetin real təzahürüdür. Bu addım Qarabağın yalnız sosial və infrastruktur baxımından deyil, intellektual və elmi potensial baxımından da yenidən dirçəldiyini göstərir. Dövlət bu bölgədə yüksək ixtisaslı kadrların yetişdirilməsini, yerli və regional səhiyyə sisteminin gücləndirilməsini və elm-təhsil-səhiyyə inteqrasiyasını əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Klinik bazanın yaradılması həm də gələcəkdə tibbi xidmətlərin keyfiyyətinin artırılması və əhalinin sağlamlığının qorunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın Qarabağda suverenliyini yalnız siyasi və hərbi deyil, həmçinin humanitar və elmi müstəvidə möhkəmləndirmək niyyətinin göstəricisidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”