17 sentyabr 2025 12:16
90

"Chery" sanksiyalardan yayınmaq üçün Rusiyanı tərk edəcək

Çinin avtomobil istehsalçısı "Chery Automobile" Honq Konq birjasına daxil olmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.

Şirkət 1,2 milyard dollar cəlb etməyi planlaşdırır ki, bu da birjada avtomobil istehsalçısı tərəfindən bu il ən böyük yerləşdirmə ola bilər.

"Chery Automobile" bəyan edib ki, gəlirin böyük hissəsi elektrik və hibrid avtomobillər seriyasının inkişafına və genişləndirilməsinə yönəldiləcək.

Vəsaitlərin təxminən 20%-i Çindən kənarda genişlənmə üçün istifadə olunacaq.

Eyni sənədlərdə Chery Automobile 2027-ci ilə qədər Çindən sonra ikinci ən böyük olan Rusiya bazarını tərk edəcəyini bildirir. 2024-cü ildə şirkətin ümumi gəlirinin 25,5%-i, 2023-cü ildə isə 17,7%-i Rusiyanın payına düşüb. 2025-ci ilin mart ayının sonunda şirkətin Rusiyada 372 diler və 687 sərgi salonu var idi. Aprel ayında şirkətin Rusiya bölməsi aktivlərini adı açıqlanmayan üç şirkətə ötürməyə başlayıb. Proses 2027-ci ilə qədər tam başa çatacaq.