17 sentyabr 2025 00:13
81

Orta aylıq nominal əməkhaqqı 8,4 faiz artıb

Sənayenin inkişafı haqqında

Bu ilin yanvar-iyul aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 29,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 74,1 faizi mədənçıxarma, 22,6  faizi emal, 2,3  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 81,5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  89,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,6 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun əsas hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-də 445,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 51,9 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

Bu ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,4 faizini inşa, yenidənqurma və bərpa, 6,8 faizini əsaslı təmir, 3,6 faizini cari təmir, 3,2 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişdir.

Məhsul bazarı haqqında

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20489,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2,0 faiz artaraq 11300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9189,2 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artmışdır. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai iaşə

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1007,1 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

Bu ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,6 faiz artaraq 4887,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 4329,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 88,6 faizini təşkil etmişdir.

Əməkhaqqı

Bu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil etmişdir.     

Bakı şəhər Statistika İdarəsi