“Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq.”
Bu barədə Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib.
Sonra sözünə davam edərək deyib: "Yəni burada - Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın."
Azərbaycanda son illər aparılan tikinti-abadlaşdırma haqqında saysız-hesabsız məlumatlar verilib, televiziya süjetləri çəkilib, məqalələr çap olunub. 2020-ci ilin sonlarında, yəni Böyük Qələbədən dərhal sonra isə görülən işlərin həcmi təsəvvürə gəlməz dərəcədə genişləndirilib. Ermənistan ordusunun və mülki şəxslərinin dağıdıb talan etdikləri xarabalıqlar içərisindən yeni şəhərlər və kəndlər ucaldılıb. Nəzərə alaq ki, bir milyondan artıq mina basdırılmış ərazilərin təhlükəsizliyinin təmin edilməsi xeyli vaxt alıb və bu iş indi də davam etdirilməkdədir. Bütün bu çətinliklərə baxmayaraq, yeni aeroportlar tikilib, infrastrukurun böyük hissəsi yaradılıb. Demək xoşdur ki, Laçın və Şuşa şəhərləri gözəl görkəmdə inşa edilərək öz sakinlərini qoynuna alıb. Şuşada dağıdılmış müqəddəs ocaqlar və məscidlər, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın, Süleyman Ələsgərovun, Xurşid Banu Natəvanın və başqa poeziya, muğam korifeylərinin güllələnmiş büstləri bərpa edilərək öz yerlərində ucaldılıb. Buraya gələn xarici dövlətlərin rəhbərləri, jurnalistlər, tanınmış şəxslər Şuşa təbiətinin gözəlliyinə vurğunluqlarını ifadə ediblər. Təmirdən çıxarılıb abadlaşdırılmış məşhur İsa bulağı, Cıdır düzü, Topxana və digər yerlər qonaqların sevimli məkanına çevrilib. Cıdır düzündə keçirilən “Xarıbülbül” Muğam Festivalları istər yerli, istərsə də xarici ölkə nümayəndələrinin marağına səbəb olub, iştirakçılar Azərbaycan mədəniyyətinin zənginliyinin şahidi olublar.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev digər işlərinin çoxluğuna baxmayaraq, vaxtaşırı işğaldan azad edilmiş rayon mərkəzlərində və kəndlərdə olur, öz məsləhət və tapşırıqlarını verir. Hətta dövlətimizin başçısı özünün doğum günlərini də həmin yerlərdə keçirir. Bu, Prezidentimizin dogma torpağa bağlılığının və məhəbbətinin sübutudur.
Beş ilə yaxın müddətdə yeddi bölgəmizdə aparılan tikinti-quruculuq və abadlıq işləri insanlarda heyrət doğurur. Onların coğrafiyası genişdir, saymaqla qurtarmır. Su-elektrik stansiyaları, infrastruktura daxil olan xidmət obyektləri və müəssisələr, otellər, sanatoriyalar, istirahət guşələri, sağlamlıq mərkəzləri və s. inşa edilmişdir. Ən əhəmiyyətlisi odur ki, bölgələrə aparan yollar təzədən çəkilib.
Xatırladaq ki, o yollar 1990-cı illərdən təmir olunmamış, baxımsız qalmışdı. Ermənistan ordusunun ağır hərbi texnikası, xüsusilə tanklar, ZTR-lər, PDM-lər, ağırtonnajlı yük maşınları iyirmi altı il müddətində asfalt yolları dağıdıb yararsız hala salmışdı. Onu təmir etmək isə Ermənistana rəhbərlik edənlərin heç yadına da düşmürdü. Ancaq torpaqlar işğaldan azad edilən kimi, ilk növbədə, asfalt yollar çox sürətlə və keyfiyyətlə çəkildi. Səksən kilometrlik Göygöl-Kəlbəcər avtomobil yolu isə kəlbəcərlilərə gözəl bir sürpriz oldu. Bununla əsas yollarda hərəkətin rahatlığı və təhlükəsizliyi təmin edildi. Bir neçə rayonda xalçatoxuma sexləri açıldı, yüzlərlə qadın özünə iş yeri tapdı. Azad edilən rayonların elektrik enerjisi ilə təmin olunması üçün yeni su-elektrik stansiyaları tikilib istifadəyə verildi. Döyüş zonasının yaxınlığında yerləşən, top və raket atəşlərindən dağıdılan fərdi yaşayış evləri, idarə və müəssisələr tezliklə təmir edildi. Dediyimiz kimi, bu siyahı böyükdür və hamısını saymaqla qurtaran deyil.
Son günlər Prezident İlham Əliyevin Xocavəndə və Xocalıya səfərlərini qürurla izləyirik. Dövlətimizin başçısı beş ilə yaxındır ki, bütün bölgələri addım-addım gəzir, həlli vacib məsələləri qaldırır və lazımi göstərişlərini verir. Yerli əhali ilə görüşlərdə təzə mənzillərin açarları ev sahiblərinə təqdim olunur, xidmət obyektlərinin, idarə və müəssisələrin açılış mərasimləri keçirilir. Görülən işlər, həyata keçirilən tədbirlər çoxdan özünü göstərib ki, bu yerlərin sahibləri azərbaycanlılardır. Səfərə gələn xarici qonaqlar da təsdiq edirlər ki, bu yerlər Azərbaycanın ayrılmaz hissəsi olduğu üçün barbar ermənilər daşı-daş üstə qoymayıblar. Özlərinin olsaydı əlbəttə, bir daşına da əl vurmaz, dağıdıb xarabalığa çevirməzdilər. Bununla onlar özlərini təcavüzkar kimi bütün dünyada ifşa etdilər. Nəticədə haqq nazilsə də üzülmədi. Azərbaycan xalqı düşmənləri ata-baba yurdlarından qovub çıxardı.
Tarixin ən acı və son dərəcə təhlükəli sınağından alnıaçıq, üzüağ çıxdıq. Birləşmiş erməni-rus işğalçıları üzərində qələbəmiz birliyimizin, xalqın iradəsini ifadə edən ağıllı dövlət başçımızın uzaqgörən siyasətinin nəticəsində mümkün oldu. Hamı ayağa qalxaraq bir nəfər kimi Prezidentin arxasında durdu. Nəhayət, iki yüz ildən də artıq bir müddətdə özündən asılı olmayaraq, həmişə məğlub olan, ərazisinin 20 faizini itirən Azərbaycan güclənib işğalçı qoşunları gözlənilməz zərbələrlə ağır məğlubiyyətə uğradaraq məhv etdi və bir qarış torpağını işğal altında qoymadı.
Ordumuzun Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə azad etdiyi ərazilərdə dövlət rəhbərimizin mütəmadi səfərdə olması hamımızda qürur hissini daha da yüksəldir. Məcburi köçkün düşmüş yeddi yüz min nəfərə qədər əhali öz doğma yurd-yuvasına qayıdır. Onların rahat yaşaması üçün hər cür lazımi sosial şərait yaradılır və abad mənzillər tikilir. Xocavənd rayonunun Qırmızı bazar və Sos kəndlərində olarkən dövlət başçısı bildirdi ki, Şərqi Zəngəzurda və Qarabağda aparılan quruculuq işlərinin alternativi dünyanın heç bir yerində yoxdur. Bunlar adi sözlər deyil, arxasında minlərlə insanın gərgin əməyi və yüz milyonlarla maliyyə vəsaiti durur. Eyni zamanda bu, məcburi köçkünlərə dövlət qayğısının göstəricisidir. Bundan sonra onlar layiqli həyat şəraitində yaşayacaqlar.
Vəli İlyasov, “İki sahil”