Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir
Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Həmin tarixi hadisədən iki il ötür. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Belə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında oldu və orada Azərbaycan bayrağını qaldırdı. Həmin tarixdə Azərbaycan lideri İlham Əliyev Xankəndidə çıxış edərək bildirdi ki, bu gün tarixi bir gündür: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” 2023-cü il noyabrın 8-də Ali Baş Komandanın Xankəndinin mərkəzi meydanında Zəfər paradını keçirməsi qələbə rəmzinin simvolu idi. Həmçinin ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilib. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək. Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bundan əlavə, 2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür. Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir. Cənab Prezident ötən il iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışını etmişdi, 2024-cü il sentyabrın 19-da “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə maraqlandı (hotelin açılışı bu ilin fevral ayında baş tutub), Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu. Dövlət başçısı həmin səfər zamanı Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Habelə, Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu və şəhərin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə də tanış olub. Bütün bunlar Xankəndinin nəhəng quruculuq meydanına çevrildiyini, öz yeni milli tarixi simasını bərqərar etdiyini göstərir.
Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək. Prezident İlham Əliyev imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.
Sevinc Azadi, “İki sahil”