Azərbaycan Respublikasının müasir tarixində 2020-ci ilin 44 günlük Vətən müharibəsi dönüş nöqtəsi kimi yadda qaldı. Bu müharibənin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi və işğal altındakı torpaqlar azad olundu. Lakin Qarabağ bölgəsində erməni silahlı dəstələrinin və separatçı rejimin qalıqlarının mövcudluğu regionda yeni gərginlik ocağı yaratmaqda davam edirdi. Ermənistan tərəfi üçtərəfli Bəyanatın müddəalarına əməl etməyərək, bölgədən silahlı qüvvələrini tam çıxarmayaraq Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələr saxlayırdı. Bu isə həm Azərbaycanın dövlət təhlükəsizliyi, həm də regionda sülhün bərqərar olması üçün ciddi maneəyə çevrilmişdi. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki bütün erməni silahlı dəstələri bölgəni tərk etməli idi. Lakin reallıqda vəziyyət tam fərqli görünürdü. Ermənistan, əksinə, yeni silahlar gətirir, qanunsuz hərbi mövqelər qurur, bölgədə separatçı qurumun mövqelərini gücləndirirdi.
Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi: “İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.”
Bu reallıq göstərirdi ki, bölgədə davamlı sülhün bərqərar olması yalnız sözlərlə deyil, əməli addımlarla mümkündür. Azərbaycan hakimiyyəti isə dövlət maraqlarını və vətəndaşlarının təhlükəsizliyini hər şeydən üstün tutaraq qəti tədbirlər görməli oldu.
2023-cü ilin 19 sentyabrında Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyatın əsas məqsədi bölgədəki qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycanın suveren hüquqlarının tam bərpa olunması idi. Qısa müddət ərzində həyata keçirilən əməliyyat yüksək peşəkarlıq və dəqiq planlaşdırma ilə icra olundu. Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq yalnız hərbi obyektləri, silah-sursat anbarlarını və qanunsuz mövqeləri hədəf aldı. Əməliyyat zamanı mülki əhali və yaşayış məntəqələri tam qorundu. Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti humanist prinsiplərə sadiqdir və heç vaxt dinc sakinləri hədəf almır. Beləliklə, Ordumuzun keçirdiyi əməliyyat cəmi 24 saata yaxın davam etdi və separatçı rejim tam kapitulyasiyaya məcbur oldu. Qondarma qurum rəhbərliyi silahı yerə qoyaraq Azərbaycan hakimiyyətinə tabe olmağa məcbur qaldı.
Bu qətiyyətli qərarın verilməsində və əməliyyatın uğurla başa çatmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi həlledici rol oynadı. Cənab Prezidentin uzaqgörən siyasəti, prinsipial mövqeyi və qətiyyətli addımları sayəsində Azərbaycan dövlətinin suverenliyi tam şəkildə təmin olundu. Beynəlxalq aləmdə aparılan ardıcıl diplomatik siyasət də əməliyyatın uğuruna ciddi təsir göstərdi. Dünya ictimaiyyəti Azərbaycanın bu addımının tam qanuni, beynəlxalq hüquqa uyğun və regionda sülhə xidmət edən bir tədbir olduğunu qəbul etdi. Bu hadisə həm də sübut etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt qeyri-qanuni silahlı dəstələrin mövcudluğuna, separatçılığa və ölkənin ərazi bütövlüyünə təhlükə yaradan hər hansı təhdidə dözməyəcək.
19–20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı Azərbaycan tarixində mühüm bir mərhələdir. Bu əməliyyat həm hərbi-siyasi, həm də tarixi baxımdan Azərbaycanın suverenliyinin rəmzinə çevrildi. Cənab Prezident İlham Əliyevin əvəzsiz rolu, dəmir iradəsilə Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməklə kifayətlənmədi, həm də regionda sülh və sabitlik üçün yeni reallıq yaratdı. Bu gün Qarabağ artıq Azərbaycanın suverenliyinin tam təmin olunduğu bir məkandır. Qarşıda duran əsas prioritet vəzifə isə bölgənin dirçəlişi, əhalinin təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıdışıdır.
Vüsal MƏMMƏDZADƏ,
Naxçıvan MR Ali Məclisinin deputatı