19 sentyabr 2025 13:04
109

20 Sentyabr Suverenlik və Şəhərlər Günü tarixmizin şərəfli səhfələrindəndir

Azərbaycaq xalqının son beş ildə hərbi sahədə qazandığı tarixi qələbələr, həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi tamamilə bərpa etdi. Xüsusilə bu dövrdə vətəndaş olaraq hər birimizin qürur duyduğu, əlamətdar günlər milli təqvimimizə həkk olundu.  Məhz belə özəl günlərdən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd etdiyimiz 20 Sentyabr tarixidir. Artıq ikinci ildir ki, Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qeyd etdiyimiz bu şərəfli tarix Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.  Sözügedən rayonların işğaldan azad edilməsinin şərəfinə təsis edilən Şəhərlər Günü xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir.  Şəhərlər Günün təsis edilməsi eyni zamanda işğalçı Ermənistan  və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tamamilə tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.  

Xatırladaq ki, 2023-cü il lokal antiterror əməliyyatından sonra suveryenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmiş, 2023- cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Bayrağımızı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ucaltmışdır. Tariximizə qızıl hərflərlə yazılan bu tədbir zamanı Prezident belə demişdir: «Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.»

Ali Baş Komandanımız 2023-cü ilin noyabr 8- də Xankəndi şəhərində vətən müharibəsində əldə olunan Zəfərin üçüncü il dönümünə həsr olunan hərbi paradın keçirilməsi mərasimində də iştirak etmişdir. Cənab Prezident Xankəndidəki çıxışı zamanı 2020- ci ildə Şuşanın işğalçılardan azad olunmasından bəhs etmiş, eyni zamanda, 20 il əvvəl ona ehtimad göstərərək Prezident seçən Azərbaycan xalqının qarşısında ərazi bütövlüyümüzü bərpa edəcəyinə dair söz verdiyini xatırlatmışdı. O bildirmişdi ki, Azərbaycan Bayrağını torpaqlarımızın hər bir guşəsində qaldıracağına dair verdiyi vədə əməl edərək xalqımızın ona göstərdiyi etimadı doğrutmuşdur.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura etdiyi davamlı səfərləri  və bu səfərlər zamanı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi, yeni obyeklərin istifadəyə verilməsi, fabrik və zavodların açılması, əhalinin mərhələli şəkildə doğma yurd- yuvalarına köçürülməsi ilə yadda qalır.

On illərlə terrorçu yuvası olmuş Xankəndidə Qarabağ Universiteitinin yaradılması da tarixi hadisədir. 2023-cü il 28 noyabr tarixində dövlət başçımızın Sərəncamı ilə açılan bu ali təhsil ocağı  artıq öz tələbələrini gələcəyin mütəxəsisləri kimi yetişdirir.  Əminik ki,  bu nüfuzlu universitet yetişdirdiyi mütəxəssislərlə nəinki bölgənin, eyni zamanda respublikamızın inkişafında müstəsna rol oynayacaqdır. Digər mühüm məsələ isə regionda inzibati - ərazi bölgü islahatlarının aparılmasıdır. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparılaraq, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonu yaradıldı.

Qürurverici hadisədir ki, postmüharibə dövründə Qarabağda genişmiqyaslı tikinti, quruculuq işləri, infrastruktur layihələrin həyata keçirilməsi, yol nəqliyyat sisteminin yaradılması ilə yanaşı, həm də, insanların sağlamlığının qorunması, səmərəli vaxtının düzgün təşkil edilməsi, idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi yolunda da böyük işlər görülür. Bir sözlə, Qarabağda gedən sürətli inkişaf bu bölgəni nəinki Azərbaycanda, eyni zamanda, bütün Cənubi Qafqazda  şöhrətləndirir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri