Azərbaycanda həyata keçirilən sosial siyasətin inkişafı dövlət idarəçiliyinin bütün sahələrində keyfiyyətcə yeni standartların tətbiqini zəruri edir. Bu kontekstdə, dövlət başçısı tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların məntiqi davamı kimi xarakterizə olunur. Bu strateji addımlar dövlət qulluğu sisteminin daha müasir şəkildə qurulmasına, təsnifat və kateqoriyalar üzrə təkmilləşdirmənin aparılmasına, nəticə etibarilə isə optimal, balanslı, sabit və effektiv idarəetmə modelinə keçidə yönəlib. Sosial yönümlü dövlət modelinin təkmilləşdirilməsi idarəetmə aparatının çevikliyindən və kadr potensialının peşəkarlığından birbaşa asılıdır. Yeni qanunvericilik bazası dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində ədalətlilik prinsipini gücləndirməklə yanaşı, onların sosial müdafiəsinin daha etibarlı mexanizmlər əsasında təşkilinə xidmət edir. Bu islahatların uğurlu icrası ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və səmərəli müstəviyə daşınmasının təminatıdır.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov “İki sahil”ə açıqlamasında bildirib.

A.Badamov qeyd edib ki, həyata keçirilən yeniliklər dövlət qulluğu sistemində illərdir müşahidə olunan fərqliliklərin aradan qaldırılmasına və hər bir mütəxəssis üçün bərabər inkişaf mühitinin yaradılmasına hədəflənib. Əməkhaqqının vahid strukturu müxtəlif dövlət qurumları və vəzifələr arasında bəzi hallarda özünü göstərən maaş disproporsiyalarının tamamilə aradan qalxmasını təmin edir. Bu yanaşma, eyni çətinlik dərəcəsinə və məsuliyyətə malik vəzifələrdə çalışan şəxslər üçün bərabər imkanların yaradılmasını şərtləndirir. Beləliklə, dövlət aparatında vəzifə və öhdəliklərin qiymətləndirilməsində vahid meyar tətbiq olunur ki, bu da idarəetmədə mənəvi-psixoloji mühiti və əməkdaşların peşəkar motivasiyasını əhəmiyyətli dərəcədə gücləndirir.
A.Badamov əlavə edib ki, həyata keçirilən yeni islahat tədbirləri dövlət qulluğunda sabit və rəqabətqabiliyyətli bir sistem formalaşdırmaqla, dövlət sektorunun əmək bazarında cəlbediciliyini köklü şəkildə artırır. Bu dəyişiklik xüsusilə gənc kadrların və dövlət qulluğuna yeni qədəm qoyan peşəkarların sosial müdafiəsinin gücləndirilməsi baxımından inqilabi xarakter daşıyır. Əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsinin müxtəlif əlavələrdən asılı olması, stajı az olan gənc əməkdaşların məvacibinin nisbətən aşağı qalmasına səbəb olurdu. Bu isə dinamik və yüksək maaşlı özəl sektorun cəlbedici təklifləri qarşısında dövlət qulluğunun müasir əmək bazarının şərtləri ilə tam uyğunlaşmasını çətinləşdirirdi. Yeni tətbiq edilən model isə bu uyğunsuzluğu aradan qaldıraraq, gənc mütəxəssislər üçün elə ilk mərhələdən layiqli və rəqabətqabiliyyətli gəlir imkanları təqdim edir. Beləliklə, bu islahat dövlət qulluğunda motivasiyanı artırmaqla yanaşı, nəinki dövlət qulluqçularının rifahını yüksəldir, həm də dövlət aparatının rəqabətədavamlılığını artıraraq ölkəmizin dayanıqlı inkişaf hədəflərinə daha inamla irəliləməsinə zəmin yaradır.
Şəmsiyyə Əliqızı, “İki sahil”