“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışından (20.09.2024).
XX əsrin əvvəlllərindən bugünə qədər hər hiyləyə, hər xainliyə əl ataraq torpaqlarımıza sahib çıxmağa çalışan mənfur qonşularımız çirkin niyyətlərini XX əsrin sonlarına yaxın həyata keçirməyə başladılar.
Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii sərvətləri talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Bu faciə insanlıq tarixinin ən dəhşətli səhnəsi idi. Düşmən içindəki bütün nifrətini, kinini günahsız insanlara zülm etməklə aşkara çıxarmışdı.
Ermənilərin yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olunsa da, Qarabağda hələ də erməni separatçıları fəaliyyət göstərirdi. 2023-cü ilin sentyabrında bu qalıq təhlükənin tam aradan qaldırılması üçün lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 24 saatdan az davam edən bu əməliyyat nəticəsində:
Separatçı rejim tamamilə ləğv edildi,Azərbaycan Konstitusiyası bütün ərazilərdə bərpa olundu, Qarabağda yaşayan erməni əhali ilə inteqrasiya prosesi başlandı, Azərbaycan Ordusu suverenliyini faktiki və hüquqi olaraq tam təmin etdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi:“Azərbaycan öz gücünü bir daha göstərdi.”
Bu güc təkcə hərbi güc deyildi. Bu, xalqın birliyi, siyasi iradənin qətiyyəti, milli maraqların üstünlüyü və beynəlxalq hüququn tələblərinə əməl edilməsinin nəticəsi idi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Biz Azərbaycan xalqı olaraq bu qiymətli neməti Ali Baş Komandanımızın rəhbərliyi ilə daim qoruyacağıq. Azadlıq, müstəqillik yolunda canını fəda etmuş minlərlə soydaşımızın, şəhidimizin müqəddəs ruhu bu gün azad edilmiş Vətənimizin səmalarında pərvazlanmaqdadır.

Bədəl Hüseynov,
YAP Xətai rayon təşkilatının Polad Həşimov 34 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü