Azərbaycan Respublikasının təhsil tarixində yeni və mühüm mərhələ başlanır – Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb. Bu qərar ölkəmizin elm və təhsil sahəsində strateji inkişaf planlarının tərkib hissəsi olmaqla yanaşı, azad olunmuş torpaqlarımızda həyatın bərpası və gələcək nəsillərin yüksək səviyyədə təhsil alması üçün mühüm addımdır.
Qarabağ Universitetinin yaradılması Xankəndinin Azərbaycanın sosial, mədəni və elmi həyatına sürətli reinteqrasiyasının göstəricisidir. Bu ali təhsil ocağı yalnız bir elm müəssisəsi deyil, həm də Qarabağın dirçəlişinin, bölgədə intellektual potensialın inkişafının və gənclərimizin parlaq gələcəyinin rəmzi olacaqdırUniversitetin yaradılması ilə gənclərə müasir təhsil mühiti təqdim olunacaq, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək. Burada yüksək ixtisaslı müəllim heyəti fəaliyyət göstərəcək, beynəlxalq əməkdaşlıqlar qurulacaq və müasir elmi-tədqiqat mərkəzləri yaradılacaqdır. Qarabağ Universiteti təkcə regional deyil, eyni zamanda ölkə miqyasında strateji əhəmiyyət daşıyan bir təhsil ocağına çevriləcək.Universitetin Xankəndində fəaliyyətə başlaması Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Bu, bölgəyə gənclərin axınının təmin olunmasına, sosial-iqtisadi həyatın canlanmasına və Qarabağın elm, mədəniyyət və innovasiya mərkəzinə çevrilməsinə xidmət edəcəkdir.
Qarabağ Universitetinin yaradılması həm də dövlətimizin elm və təhsilə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Bu ali məktəb gələcəkdə yüzlərlə alim, mühəndis, müəllim, həkim və digər ixtisaslı kadrların yetişməsinə imkan yaradacaq, Azərbaycan gəncliyinin intellektual inkişafında mühüm rol oynayacaqdır.
Könül Məmmədova,
YAP Xətai rayon təşkilatının S.Ə.Şirvani ünvanında yerləşən partiya təşkilatının üzvü