19 sentyabr 2025 11:29
237

Xankəndi şəhərində Bayrağımizin ucaldılması tarixi hadisədir

Azərbaycanın müasir tarixində yeni bir şanlı səhifə yazıldı – 30 ilə yaxın işğal altında qalmış Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu mühüm hadisə yalnız siyasi və hərbi qələbənin rəmzi deyil, həm də dövlətçiliyimizin gücünün, xalqımızın milli birliyinin və ərazi bütövlüyümüzün təmin olunmasının təntənəsidir.

Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan xalqının tarixi arzularından birinin gerçəkləşməsi deməkdir. Dövlət Bayrağının ucaldılması təkcə simvolik məna daşımır, həm də bu qədim şəhərin ölkəmizin siyasi, sosial və mədəni həyatına qəti və dönməz şəkildə qovuşduğunu təsdiq edir.Bu hadisə, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin zəfəri, ədalətin bərpası və Azərbaycan xalqının milli qürurunun ifadəsidir.Xankəndidə Dövlət Bayrağının ucaldılması Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsidir. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın möhkəm iradəsi bu qələbəni mümkün etmişdir.

Bayrağımızın Xankəndidə dalğalanması Böyük Qayıdış proqramının real həyata keçirilməsinin bariz nümunəsidir. Artıq azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur layihələri həyata keçirilir, yaşayış məntəqələri bərpa olunur. Bu proses Xankəndinin də yaxın gələcəkdə ölkəmizin iqtisadi və mədəni həyatının inkişaf etmiş mərkəzlərindən birinə çevriləcəyini göstərir.Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün Xankəndidə azadlığın, müstəqilliyin və qürurun simvolu kimi dalğalanır. Bu hadisə həm də gələcək nəsillərə vətən sevgisi, dövlətə sədaqət və milli birliyin əhəmiyyətini göstərən böyük bir örnəkdir.

Tünzalə Möhsümova,
YAP Xətai rayon təşkilatının "S.Ə.Şirvani 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü