19 sentyabr 2025 14:12
357

Antiterror əməliyyatı: Separatizmin sonu

2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi  şanlı Azərbaycan ordusunun böyük Zəfəri ilə başa çatdı. Nəticədə Azərbaycan Respublikasının bir hissəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məğlub edildi. Düşmənin canlı qüvvəsi və texniki təchizatı­ məhv edildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altın­da olan 300-ə yaxın məntəqəni azad etdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad edildi. Məğlub olaraq kapitulyasiya imzalamış Ermə­nistan hərbi-siyasi rəhbərliyininin götürdüyü öhdəliklərdən biri də Qara­bağın bir hissəsində qalmış erməni hərbi qüvvələri­nin tərksilah və ləğv edilməsi idi.  Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmə­di. Nəticədə Rusiyanın müvəqqəti sülh məramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdə ermə­ni hərbi qüvvələrinin silahsızlaşdırılması həyata keçirilmədi. Əksinə, Ermənistanda revanşist qüvvələr baş qaldırdı və beynəlxalq himayədarları da onları itirilmiş olan ərazilərin geriqaytarılması üçün Azərbaycana qarşı təxribatçı əməllərə təhrik etməyə başladılar.

Ermənistanın hərbi-siyasi rəhbərliyi və işğal dövründə Qarabağda yaradılmış xunta rejimi üçtərəfli Bəyanatın imzalanmasından sonra da məkrli fəaliyyətlərini davam etdirirdilər. Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti nəzarəti altında olan ərazilərdə mövcud olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər tərəfdən bölgəyə silah-sursat daşıyırdılar. Həmçinin, qeyri-qanuni erməni separatçı quldur dəstələri yeni səngərlər və mühəndis-istehkam xətləri qurur, bölgəyə yeni hərbi qüvvələr və hərbi təchizat daşınmasını davam etdirirdilər. Bütün bunlar məhz Rusiya sülhməramlı qüvvələrinin gözləri qarşısında baş verirdi. Yəni açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar aparılırdı. Hətta qanunsuz terrorçu hərbi birləşmələr bir sıra təxribat hadisələri törətdilər. Buna cavab olaraq Azər­baycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də Fərrux dağını tam nəzarətə götürdü. Bununla Azərbaycan Ordusunun bölmələri bölgədə strateji mövqe üstünlüyünü daha da möhkəmləndirdi.

Lakin qanunsuz erməni hərbi qüvvələri yenə də öz müharibə hazırlıqlarını və hərbi təxribatlarını dayandırmadılar. Rusiya Federasiyası sülh­məramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində mövcud olan qeyri-qa­nuni erməni silahlı dəstələri terror-təxribat əməllərinə davam edirdilər. 

Azərbaycan Ordusu bölmələrinin bu təxribatlardan birinə cavab olaraq keçirdiklə­ri “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi və bir sıra digər hakim yüksəkliklər nəzarət altına alındı. Pre­zident İlham Əliyev Fərrux dağı və Qırxqız–Sarıbaba yüksəklikləri ətrafında aparılmış döyüşlərin əməliyyat-taktiki əhəmiyyətini yüksək qiymətləndirib: “Fərrux əməliyyatı, Sarıbaba–Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqeləri­mizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bil­məz, Qarabağ Azərbaycan torpağıdır və bu­rada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız”.

Baş verənlərdən nəticə çıxarmayan ermə­ni hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də daha geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelə­ri, sığınacaqları və dayaq məntəqələri müxtə­lif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdular. Nəticədə Azərbaycan bölmələtrinin şəxsi heyəti arasında itkilər baş verdi, hərbi infrastruktura ziyan dəydi.

Azərbaycan tərəfi bu təxribatı cavabsız buraxmadı. Həyata keçirilən qətiyyətli təd­birlər nəticəsində 2022-ci il sentyabr ayının 12–14-də Azərbaycan–Ermənistan sərhəd xəttində baş verən erməni hərbi təxribatları­nın qarşısı uğurla alındı.

Ermənis­tandan Qarabağ ərazisində yerləşən qanunsuz erməni hərbi qüvvələrinə silah və sursat gətirilməsinin və keçi­din qarşısının alınması üçün 2023-cü il aprel ayının 23-də isə Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla Azərbaycanın bütün sərhəd xətti respublika­nın nəzarəti altına alındı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Lakin erməni millətçi dairələri bundan sonra da öz təxribatçı əməllərindən əl çəkmədilər. Onlar iki respublika arasında­kı sərhədin qeyri-işlək hissələrindən Qarabağ ərazisinə hərbi yüklər daşınmasına dəfələrlə cəhd göstərdilər. Bu cəhdlər hava çəkilişləri vasitəsilə qeydə alındı və onların yolveril­məzliyi Qarabağ ərazisində müvəqqəti yerləş­dirilmiş sülhməramlı kontingentin rəhbərliyi­nin nəzərinə də çatdırıldı.

Azərbaycan dövlətinin dayanıqlı sülh məramını adekvat  qiymətləndirməyən və məğlubiyyətdən dərs almayan erməni millətçi-tə­cavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli hal almağa başladı.  2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərin­də yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomo­bil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əmək­daşı həmin rayon ərazisində mina qurbanı ol­dular. 

Sentyabr ayının 19-da Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Ru­siya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermə­nistan silahlı qüvvələrinin bölmələri tərəfin­dən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı. Beləliklə, Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti yerləşdiyi Azərbaycan ərazisində lokal xa­rakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. Qarabağ iqtisadi rayonunda törə­dilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbay­can ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğal­dan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükə­sizliyinin təmin olunması və Azərbaycan Res­publikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı. 

Antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da başladı. Qısa müddət ərzində Ermənistan silahlı qüv­vələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələ­ri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azə­baycan Ordusu tərəfindən bu əməliyyatın ge­dişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.  Azərbaycan Respublikasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələ­rimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qara­bağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunma­lıdır. Göstəriş verilmişdir ki, mülki infrast­ruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

Mülki əhaliyə və obyektlərə ziyan ye­tirilmədən antiterror əməliyyatının aparılması isə Azərbaycanın hərbi rəhbərli­yindən xüsusi diqqət və qətiyyət tələb edirdi. İşğal dövründə Ermənistanın hərbi rəhbərliyi Qarabağ iqtisadi rayonunun bir hissəsinə böyük sayda hərbi qüvvə və texnika yerləşdirmiş və eşalonlaşdı­rılmış mühəndis-istehkam sistemi yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, antiterror əmə­liyyatının aparıldığı sahə mürəkkəb relyefə malik idi, erməni döyüş mövqelərinin əksə­riyyəti əlverişli yüksəkliklərdə yerləşmişdi.

Ali Baş Komandanı İlham Əliyev müəy­yənləşdirdiyi döyüş tapşırıqlarının düzgün və vaxtında icra edilməsi üçün dərhal zəruri olan tədbirlərin icrasına başlandı. Bu məqsədlə əv­vəldən aparılmış olan kəşfiyyatın nəticələri, düşmənin ehtimal olunan mina sahələrindən keçidlərin açılma yerləri, hərəkət istiqamətin­də düşmənin istifadə etdiyi yollar və onlara birləşmə yerləri döyüş tapşırıqlarına uyğun olaraq yenidən qiymətləndirildi.

Yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıra­dan çıxarılır. Yaşayış məntəqələri yaxınlığın­da erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək ver­məməsinə çağırış edildi. 

Yerli əhalinin nəzərinə o da çatdırılırdı ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazı­mi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqdır. Əhali­nin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamət­lərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılması da Müdafiə Nazirliyi tərəfindən bəyan edildi.

Antiterror əməliyyatının xüsusiyyəti nəzərə alınmaqla döyüşlərin və idarəetmənin təşkilində, qoşun növləri və bölmələr arasında qarşılıqlı əlaqələrin yaradılmasında, raket-ar­tilleriya və hərbi-hava qüvvələrinin tətbiqində Vətən müharibəsinin təcrübəsi yaradıcı şə­kildə nəzərə alınması əldə edilən nəticələrin miqyasına da öz təsirini göstərdi. Dö­yüş əməliyyatı bölgəsində olan bütün hərbi obyektlər, döyüş postları, komanda müşahidə məntəqələri dəqiq raket və artilleriya zərbələ­rinə tutuldu, yaşayış məntəqələrinə, mülkü şəxslərə və obyektlərə zərər vurmamaq üçün yüksək dəqiqlikli raket zərbələrinə geniş yer verildi, düşmənin kritik döyüş mövqelərinə raket və artilleriya zərbələri endirməklə Azər­baycan bölmələrinin itkilərinin minimuma endirilməsi təmin edildi. 

Eyni zamanda, antiterror əməliyyatının başlanması ilə Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən əməliyyat rayonu üzərində havada üstünlük, hava məkanının müdafiəsi, hərbi obyektlərin və qoşunların hava hücum­larından etibarlı qorunması təmin olundu. Bü­tün bunlar isə antiterror əməliyyatının uğur­lu gedişini təmin etdi.

Sentyabrın 19-da aparılan əməliyyat nəticəsində qanunsuz Ermənistan silahlı qüv­vələrinin döyüş mövqeləri Azər­baycan bölmələrinin nəzarətinə keçdi. Xeyli sayda erməni hərbi texni­kası və canlı qüvvəsi məhv edildi. Bu döyüşlərin gedişində qanunsuz erməni hərbi qüvvələrinə ağır zərbə vuruldu, onların döyüş potensialı məhv edildi. Erməni hərbi qüv­vələri xeyli sayda itki verdi. Azərbayca­nın işğal edilmiş ərazilərində yara­dılmış olan xunta rejiminin rəhbərliyi Azər­baycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibətini belə bildirdi: “Əmə­liyyatın uğurlu gedişatı, təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Ermənistan ordusunun bizim ərazi­mizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azər­baycan antiterror tədbirlərini dayandıra bilər. Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib”.

Beləliklə, Azərbaycan Respublikasının Qarabağ bölgə­sində yerləşən Ermənistan silahlı qüvvələri­nin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu və tam şəkildə tərksilah olundular. Ermənistan silahlı qüv­vələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiter­ror əməliyyatının nəticələrini belə dəyərlən­dirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəman­lıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqla­rı qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qala­caq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümü­zü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla sepa­ratçıların kitabı bağlandı. Artıq Azərbaycan­da separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”.

Beləliklə, dünya hərb tarixində Azərbay­can Ordusu daha bir bir nadir əməliyyat həya­ta keçirdi. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əha­liyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. 

Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində böyük quruculuq işləri uğurla aparılır. Artıq Füzuli, Şuşa, Xocalı, Cəbrayıl şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunmuş, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam etdirılir.

Antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır.

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Hafiz Cabbarov,
YAP Xətai rayon təşkilatının "Natiq Əliyev 50" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü