26 sentyabr 2025 11:00
247

SOCAR: Ötən ilin göstəriciləri uğurlu olub

Neft, qaz, neft-kimya sahəsi üzrə emal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin yekunlarına dair hesabatını təqdim edib. Hesabatda SOCAR-ın fəaliyyəti, şirkətin missiyası, məramı, dəyərləri, təbii ehtiyatların kəşfiyyatı, işlənmə və hasilat əməliyyatları, təbii qazla təchizat və qazlaşdırma işləri, neft-qaz, neft-kimya məhsullarının emalı, maya dəyəri, mexanika və energetika, kapital qoyuluşu, əməliyyat satınalması və təchizat, elm, texnika və nanotexnologiyalar, insan kapitalı və inklüzivlik, sağlamlıq və əməyin təhlükəsizliyi, keyfiyyətə əminlik və nəzarət, enerji keçidi, ətraf mühit və dekarbonizasiya, nəqliyyat xidmətlərinin idarəedilməsi, sosial məsələlər yer alıb.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2024-cü ildə 5803,4 min ton xam neft emal olunub. Bundan 1248,5 min ton avtomobil benzini, 589,2 min ton reaktiv mühərrik yanacağı, 2060,6 min ton dizel yanacağı, 178,2 min ton maye qazlar, 265,0 min ton bitum, 12,2 min ton sürtkü yağları, 183,3 min ton koks və sair məhsullar istehsal edilib. Hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticəsində neft emalının dərinliyi 97,5% təşkil edib. (cədvəl-1)

İl ərzində satılmış neft məhsullarının 89,1%-i daxili bazara yönəldilib, qalan 10,9%-i isə ixrac olunub. Neft məhsullarının istehsalının emal zavodunda istismar edilən texnoloji qurğuların xammal ilə yüklənməsindən asılılığını nəzərə alaraq həmin məlumatlar cədvəl-2-də nəzərdən keçirilib.

Zavodda xammalın səmərəli emal olunmasını və məqsədli məhsullara xammalın sərfini xarakterizə edən göstəricilərdən olan, texnoloji qurğularda məqsədli məhsulların çıxım faizləri haqqında məlumatlar cədvəl-3-də qeyd olunub.

Neft emalı kompleksində istismar edilən hər bir texnoloji qurğunun layihə və reqlament sənədlərində həmin proses zamanı əmələ gələn itki normaları haqqında məlumatlar göstərilir. Buna görə zavodda itkilər emal qurğularında reqlamentə görə nəzərdə tutulmuş itki normalarından və emal olunmuş xammalın həcmindən asılı olaraq formalaşır. Zavodda həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ildə Heydər Əliyev adına NEZ-də neft və neft məhsullarının itkiləri faktiki emal olunmuş xammal üçün normalarla gözlənilən miqdardan 28,8 min ton və yaxud 20,9% aşağı olub.

Zavodda istismar edilən texnoloji qurğularda hər bir prosesin reqlamentə uyğun normal fəaliyyəti üçün müxtəlif katalizator və reagentlərdən istifadə olunur. Hesabat ilində neft emalı zavodunda 6,6 min ton müxtəlif katalizator və reagentlərə qənaət olunub. Neft məhsullarının istehsalına aid olan xərclərin formalaşmasında yanacaq və enerji resurslarının sərfinin xüsusi əhəmiyyət daşımasını nəzərə alaraq, hesabat ilində onların sərfi ilə əlaqədar məlumatlar cədvəl-4-də nəzərdən keçirilib.

Yanacaq və enerji resurslarının sərfi ilə bağlı məlumatların təhlili göstərir ki, bütün növ enerji resurslarından qənaətlə istifadə olunub. Neft emalı zavodunda enerji resurslarının aşağı salınması istiqamətində aparılmış müxtəlif təşkilati-texniki tədbirlər nəticəsində 17,1 min ton şərti yanacaq texnoloji yanacağa, 82,4 milyon kVt.saat elektrik enerjisinə və 120,3 min Hkal istilik enerjisinə qənaət edilib.

“Azərikimya” İstehsalat Birliyi (İB) 2024-cü ili, 2023-cü il ilə müqayisədə cədvəl-5-də qeyd olunan texniki iqtisadi göstəricilərlə başa çatdırıb.

2024-cü ildə “Azərikimya” İB-də 455,8 min ton neft-kimya xammalı emal olunaraq 129,2 min ton etilen, 121,4 min ton propilen və 119,5 min ton digər qiymətli piroliz məhsulları istehsal edilib. EP-300 piroliz qurğusunda olefinlərin faktiki çıxım faizi 55,0% təşkil edib. İl ərzində istehsal olunmuş polietilenin miqdarı 49,2 min ton olub. 2024-cü ildə “Azərikimya” İB-də istifadə olunmuş yanacaq, istilik və elektrik enerjisi haqqında məlumatlar cədvəl 6-da göstərilib.

2024-cü ildə “Azərikimya” İB-də istehsal olunmuş neft-kimya məhsullarının 46%-i daxili bazara yönəldilib, 53%-i isə ixrac olunub.

Metanol zavodunda 2024-cü il ərzində 516,5 min ton metanol məhsulu istehsal edilib. Hesabat dövründə 502 min ton metanol məhsulu satılıb ki, bunun 476 min tonu (94,8%) ixracın, 26,0 min tonu (5,2%) isə daxili bazarın payına düşüb. (cədvəl-7). Əsas ixrac istiqamətləri Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, İsrail, İspaniya, Niderland olub.

Karbamid zavodunda hesabat dövründə 652,3 min ton karbamid məhsulu istehsal edilib. İstehsal olunmuş karbamid məhsulundan 633,1 min ton məhsulun satışı həyata keçirilib ki, bunun 63,3 min tonu (10,0%) daxili bazarda satılıb, 569,8 min tonu (90,0%) isə ixrac edilib. (cədvəl-8). Əsas ixrac istiqamətləri Rumıniya, Türkiyə, Ukrayna, Braziliya, İspaniya, İtaliya və Bolqarıstan ölkələridir.

“SOCAR Polymer” MMC üzrə 2024-cü il ərzində 124,2 min ton polipropilen məhsulu, 72,5 min ton yüksək sıxlıqlı polietilen məhsulu istehsal olunub. Məhsulların 98,9%-i ixrac edilib, 1,1%-i isə daxili bazarda satılıb (cədvəl-9). Başlıca ixrac istiqamətləri Rusiya, Türkiyə və Belarus bazarları olub. Ümumilikdə 5 ölkəyə polimer məhsulları ixrac edilib.

2024-cü ildə SOCAR-ın Qaz Emalı Zavodu üzrə təbii qazın emalı və hazır məhsulların istehsalı üzrə əsas göstəricilər cədvəl-10-da qeyd olunub.

Hesabat ilində zavodda faktiki olaraq 3377,5 mln. m3 təbii qaz emal olunaraq proqnoz göstəricilərinə 96,4% əməl edilib. Bu göstərici 2023-cü ildə 100,1% təşkil edib. 2024-cü il ərzində zavodda 3326,7 mln. m3 təmizlənmiş təbii qazla yanaşı, 12,2 min ton texniki butan və 26,0 min ton qaz benzini istehsal edilib. İstehsal edilmiş qaz benzininin bütün həcmi xammal kimi SOCAR-ın “Azərikimya” İB-nə təchiz olunub, texniki butanın bütün həcmi isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə təhvil verilib.

Orxan Vahidoğlu, “İki sahil”