27 Sentyabr 2020-ci il Azərbaycan tarixinin şərəfli səhifələrindən biri, qəhrəman oğul və qızlarımızın canları, qanları bahasına yazılmış Zəfər yolunun başlanğıcıdır. Məhz həmin gün başlayan Vətən müharibəsi xalqımızın iradəsini, dövlətimizin gücünü, Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyini bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, 30 illik ədalətsizliyə son qoydu. Bu tarixi Zəfərin memarı Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev və xalqımızın mərd, rəşadətli Ordusu oldu.
27 Sentyabr xalqımızın birliyi, milli həmrəyliyi və Vətən sevgisinin rəmzinə çevrilmişdir.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini ehtiramla yad edirik. Onların qanı ilə suvarılmış torpaqlarımız Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin əbədi təminatıdır.
Qazilərimizə, müharibə iştirakçılarına göstərilən qayğı dövlətimizin prioritetidir və Partiyamız hər zaman bu istiqamətdə dövlət siyasətinə dəstəyini ifadə edir.
27 Sentyabr Anım Günü gələcək nəsillər üçün qəhrəmanlıq dərsi, dövlətimizin gücünün, xalqımızın iradəsinin əbədi simvolu olaraq qalacaqdır.
“Ana Vətən” Partiyası bir daha bəyan edir ki, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında borcumuz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə yorulmadan çalışmaq hər birimizin müqəddəs borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə uzun ömür, sağlamlıq diləyirik!