26 sentyabr 2025 16:38
121

27 Sentyabr – Qəhrəmanlıq və Anım Günü

27 Sentyabr Azərbaycan tarixində həm hüzn, həm də qürur günü kimi yaddaşlara həkk olunub. 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və dövlətin qətiyyətli mövqeyini dünyaya göstərdi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, onların qəhrəmanlığını gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusu xalqın iradəsinə söykənərək 30 illik ədalətsizliyə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycanın tarixi ədaləti bərpa etməsi ilə yanaşı, həm də xalqımızın sarsılmaz birliyinin təntənəsi oldu. Bu gün Anım Günü təkcə şəhidlərimizin ruhuna ehtiram deyil, həm də milli həmrəyliyimizin rəmzidir.

Lakin Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkdiyi ən mühüm məqamlardan biri də beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar məsələsidir. Uzun illər ərzində Azərbaycan torpaqları işğal altında olarkən, dünya ictimaiyyəti susqunluq nümayiş etdirirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalır, böyük dövlətlər isə ədaləti təmin etmək əvəzinə, siyasi maraqlarını üstün tuturdular. Bu ikili yanaşmalar beynəlxalq hüquqa olan inamı sarsıdırdı. Məhz bu səbəbdən Azərbaycan öz gücünə arxalanaraq, haqq savaşına qalxdı və Zəfər qazandı.

Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, ədalət yalnız güc və milli birlik sayəsində bərqərar ola bilər. Azərbaycan bu gücü nümayiş etdirərək işğala son qoydu və tarixi ədaləti təmin etdi. Bu gün dünya bir daha gördü ki, ikili standartlar siyasəti nə qədər davam etsə də, xalqlar öz ərazi bütövlüyünü və haqqını qorumağa qadirdir.

27 Sentyabr Anım Günü xalqımız üçün həm qəhrəmanlıq, həm də vətənpərvərlik dərsidir. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyərək, biz bir daha söz veririk ki, onların qanı bahasına əldə edilən bu tarixi qələbəni əbədi qoruyacaq, milli birliyimizi daha da möhkəmləndirəcəyik.

Cahan Bayramlı,
YAP Xətai rayon təşkilatının fəal gənci