XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti bölgədə uzunmüddətli münaqişəyə səbəb oldu. Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğal edilməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və minlərlə günahsız insanın qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. Bu siyasətin əsasında isə rəsmi İrəvanın həm hərbi işğal, həm də ideoloji saxtakarlığa söykənən məkrli planları dayanırdı.
Ermənistan yalnız hərbi güc vasitəsilə Azərbaycan ərazilərini zəbt etməklə kifayətlənməmiş, eyni zamanda tarixi saxtalaşdırmaq yolu ilə öz işğalçılıq əməllərinə haqq qazandırmağa çalışmışdır. Azərbaycan xalqına məxsus mədəniyyət abidələri dağıdılmış, məscidlər təhqir edilmiş, toponimlər dəyişdirilmiş və uydurma erməni tarixi konsepsiyası irəli sürülmüşdür. Bu, təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı yönəlmiş vandalizm aktı idi.
Sülh danışıqları prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən iflasa uğramışdır. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan illərlə danışıqlara baxmayaraq, Ermənistan heç vaxt səmimi mövqe nümayiş etdirməmiş, əksinə, yeni torpaq iddiaları irəli sürərək təxribatçı addımlar atmışdır. İrəvan rəhbərliyi bölgədə sabitliyi pozmaqla, Azərbaycanın səbrini tükəndirmiş və münaqişənin dinc yolla həllini mümkünsüz etmişdir.
Ermənistanın işğalçı və saxtakar siyasəti nəticəsində Azərbaycan dövlətinin qarşısında yalnız bir yol qalırdı – öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etmək. 2020-ci ilin 44 günlük Vətən müharibəsi də məhz bu tarixi zərurətdən irəli gəldi. Azərbaycan Ordusu beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz torpaqlarını azad etdi və ədaləti bərpa etdi.
Nəticə etibarilə, rəsmi İrəvanın işğalçılıq və saxtakarlığa əsaslanan siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın destruktiv mövqeyi sülhü mümkünsüz etdi, Azərbaycan isə haqq savaşına qalxaraq torpaqlarını azad etdi. Bu tarixi qələbə bir daha göstərdi ki, işğal və saxtakarlıq üzərində qurulan siyasət uzunmüddətli ola bilməz və gec-tez ədalət öz sözünü deyir.
Aynur Qənbərova,
YAP Xətai rayon təşkilatının General Mehmandarov küçəsi 78 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini