Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 27 Sentyabr günü həm kədər, həm də qürur dolu bir gündür. 2020-ci ilin məhz bu günündə Azərbaycan Ordusu illərlə işğal altında qalan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. 44 gün davam edən bu müharibə xalqımızın birliyi, müzəffər ordumuzun gücü, şəhid və qazilərimizin fədakarlığı ilə tarixi Qələbə ilə başa çatdı.
Şəhidlər – Azadlığın simvolu
Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Torpaqlarımızın bütövlüyü, dövlətimizin müstəqilliyi, xalqımızın gələcəyi naminə canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı bir dastandır, gələcək nəsillərə örnək olacaq. Bu gün hər bir azərbaycanlı şəhidlərin ruhu qarşısında baş əyərək onlara minnətdarlığını bildirir.Şəhidlik zirvəsi millətimizin ən uca dəyəridir. Vətən uğrunda canından keçən hər bir oğul və qız Azərbaycan tarixində əbədi iz qoymuşdur. Onların qanı bahasına işğal altındakı torpaqlarımız azad olundu, 30 illik həsrət sona yetdi.
Ermənistanın işğalçılıq siyasətinin iflası
Uzun illər boyu rəsmi İrəvan saxta ideologiyalarla, əsassız iddialarla çıxış edirdi. “Dənizdən dənizə Ermənistan” kimi cəfəng ideyalar, ifrat millətçilik üzərində qurulmuş siyasət bölgədə sabitliyi pozmuş, Ermənistanı öz havadarlarının əlində alətə çevirmişdi. Xarici dövlətlərin dəstəyi ilə silahlanan Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş, yüz minlərlə insanı doğma yurdundan didərgin salmışdı.
Lakin haqq-ədalət gec-tez öz yerini tapmalı idi. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl ,17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır
Şəhidlər ölməz,Vətən bölünməz!
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü