Keçmiş Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda XX əsrin sonlarından başlayaraq beynəlxalq diqqət mərkəzində olmuş ən mürəkkəb problemlərdən biridir. Bu münaqişənin kökləri daha qədim dövrlərə, Azərbaycanın tarixi torpaqlarında erməni məskunlaşdırılmasına və sonrakı siyasi proseslərə gedib çıxır.1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları açıq müstəviyə keçdi və nəticədə hərbi toqquşmalar başladı. 1992–1994-cü illərdə aparılan müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altına düşdü. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü.
Mühüm hərbi hadisələrdən biri də 2016-cı ilin Aprel döyüşləri, digəri isə 2020-ci ilin Tovuz döyüşləridir. Bu döyüşlər Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirməklə yanaşı, regionda yeni reallıqların yaranmasına da təsir göstərmişdir.
Aprel döyüşləri (2016)
2016-cı ilin 1–5 aprel tarixlərində cəbhə xəttində gərginlik kəskin artdı.Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatları keçirdi. Qısa müddət ərzində bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri – Talış kəndi yaxınlığındakı mövqelər, Lələtəpə yüksəkliyi və digər ərazilər azad olundu.
Bu döyüşlər Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi, xalqın orduya inamını daha da artırdı və münaqişənin dondurulmuş vəziyyətdə qalmadığını bütün dünyaya göstərdi.
Tovuz döyüşləri (2020)
2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücuma keçdi. Azərbaycanın qəhrəman hərbçiləri hücumların qarşısını aldı və düşmən ciddi itkilərə məruz qaldı. Döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid oldu. Bu hadisə ölkədə böyük birlik yaratdı, xalqın qisas və ədalət arzusu daha da gücləndi.
Tovuz döyüşləri Azərbaycanın həm hərbi gücünü, həm də xalq-ordu birliyini nümayiş etdirdi. Bu hadisə, həmçinin, 44 günlük Vətən müharibəsinə aparan yolda mühüm bir psixoloji dönüş nöqtəsi oldu.
Nəticə
Aprel və Tovuz döyüşləri Azərbaycanın mübarizə iradəsini, ordusunun qüdrətini sübut edən tarixi hadisələrdir. Bu döyüşlər Azərbaycanın gələcək zəfərlərinin – xüsusən də 2020-ci ilin Vətən müharibəsində qazanılan böyük qələbənin bünövrəsini qoydu.
Bu gün münaqişədən sonrakı dövrdə Azərbaycanın əsas məqsədi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, məcburi köçkünlərin öz yurdlarına qayıdışı və işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin aparılmasıdır. Dağlıq Qarabağ münaqişəsi artıq tarixi mərhələ kimi başa çatmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquq çərçivəsində tam təmin olunmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Vətən torpağı neçə -neçə Azərbaycanın mərd, igid oğulları hesabına düşmən tapdağından xilas edildi Hətta Azərbaycanda elə müəllimlərimiz var ki, 44 günlük müharibədə Vətən uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucaldı: Rəşad Məmmədov,Vüqar Vəliyev,Famil Əhmədzadə,Qoşqar Ömərov. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Şəhid gizirimiz Xudayar Yusifzadə 44 günlük Vətən Müharibəsi Salnaməsinə adını yalnız göstərdiyi şücaətlərlə yox, həm də "Vətən yaxşıdır" mahnısını özü kimi bir Dastana döndərməklə yazdı. Şanlı tariximizlə yanaşı, adı bütün Azərbaycanın qəlbinə əbədi həkk olunan, cəsarəti ilə əfsanəyə çevrilən, illər keçsə də qəhrəmanlığı unudulmayacaq Vətən müharibəsi şəhidlərimizdən biri də gənc ömrünü bu gün bizlərin rahat, alnıaçıq yaşamağı üçün fəda edən şəhidimizsə Cəbrayıl Dövlətzadədir.
Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.
Bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik.
Zərifə Xəlilova,
YAP Xətai rayon təşkilatının General Şıxlinski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü