30 il ərzində Azərbaycana milyardlarla ziyan vuran Ermənistan işğal etdiyi torpaqlarımızı viran qoymuş, misilsiz mədəniyyət abidələrimizi məhv etmiş,təbii sərvətlərimizi talan etmişdir. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələri öz gücünü və iradəsini nümayiş etdirərək düşməni təslim aktı imzalamağa məcbur etdi.Xalqımız da , Ordumuz da Ali Baş Komandanın dəmir yumruğu ətrafında əzmlə birləşdi, milli birlik və həmrəylik nümayiş etdirdi. Torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda gedən bu ədalətli mübarizədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. İgid oğullarımız torpaqlarımızı qanları ilə suvardılar, canlarını fəda etdilər, şəhidlik zirvəsinə ucaldılar. “ Vətəndən, torpaqdan pay olmaz, Vətən bölünməz “ kəlamının müqəddəsliyini əməlləriylə sübuta yetirdilər.
Vətən müharibəsi dövründə Azərbaycan diplomatiya sahəsində də böyük uğurlar qazandı. Cənab Prezident İlham Əliyevin müsahibələri, diplomatiya və informasiya sahəsindəki misilsiz rəşadəti də dünya liderlərində ölkəmizə, dövlət başçımıza, onun yürütdüyü strategiya və taktikaya rəğbət oyatdı. 44 günlük Vətən müharibəsi dövründə prezident xalqımıza dönə-dönə müraciət etdi.Onun hər müraciəti yeni qələbənin müjdəsinə çevrildi. Xalqımız hər gün işğal edilmiş torpaqlarımızın azad edilməsi xəbərini səbrsizliklə gözlədi. Nəhayət, cənab Prezidentin dilindən eşidilən “ Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlmələrini xalqımız göz yaşları və sevinc işərisində alqışladı.
Cənab İlham Əliyev 2 dekabr 2020- ci ildə hər ilin 27 sentyabr tarixinin Azərbaycan Respublikasında anım günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Nəhayət ki, 30 ildən sonra tarixi ədalət bərpa olundu. Ölümün gözünə dik baxan Azərbaycan oğulları düşmən tapdağından azad olan torpaqlarımızda üçrəngli bayrağımızı qürurla dalğalandırdılar.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində şəhidlərimizin xatirəsi əziz tutulur, əbədiləşdirilir. Qazilərimiz, şəhid ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir. Qarabağın əzəli və əbədi sakinləri öz torpaqlarına böyük qürur hissi ilə , sevinc göz yaşları ilə qayıdırlar.
Şəhidlərimizin ruhu şaddır. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.
Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi