08 noyabr 2016 23:51
362

SOCAR prezidenti Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

Noyabırn 8-də, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşmüşdür.

Rövnəq Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləmişdir. SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat vermiş, bildirmişdir ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir. Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən Rövnəq Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açmışdır. Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd etmiş, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışlar.