02 oktyabr 2025 09:18
96

Əsərinin üzərində imzası olmayan yeganə şəxs müəllimdir

Əvvəla, bu günlərə çatmağımda əməyi olan bütün müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Həyatım boyu göstərdiyiniz dəstək, qayğı və paylaşdığınız biliklər sayəsində addım-addım uğurla irəliləmişəm. Siz hər zaman parlayın ki, biz də sizin işığınızla yollarımızı tapaq və irəli gedək.

Həyatımın hər mərhələsində, kiçik də olsa, varlığı və bilikləri ilə yoluma işıq saçan müəllimlərim çox olmuşdur. Onların hər biri mənim üçün özünəməxsus və əvəzolunmazdır. Lakin bu gün xüsusilə bir müəllimin həyatımın müxtəlif dövrlərində qoyduğu dərin izdən qürurla bəhs etmək istəyirəm. Söhbət illərdir mənim üçün rol model olan, nümunə götürdüyüm bir müəllimdən, rəhbərdən və insandan – Azərbaycan Dillər Universitetinin professoru, dəyərli Bənövşə xanım Məmmədovadan gedir.

İllər əvvəl yalnız adını eşitmiş, tələbələrin sevimlisi və mükəmməl rəhbər olduğunu öyrənmişdim. Həmin vaxtdan etibarən onun elmi fəaliyyətini izləməyə, işlərini oxumağa və uğurlarını maraqla təqib etməyə başlamışdım. Araşdırdıqca elm yoluna olan həvəsim daha da artır, tələbələrə yanaşmasındakı insani keyfiyyətlərə isə heyran olurdum. “Bu dünyada mükəmməl insan varmı?” sualına cavabım birmənalıdır: var — Professor Bənövşə Məmmədova.

İllərlə birbaşa ünsiyyətimiz olmasa da, eşitdiklərim və gördüklərim nəticəsində ona qarşı səmimi bir rəğbətim formalaşmışdı. O, mənim üçün olmaq istədiyim müəllim obrazına çevrilmişdi. Uzun illər boyu elmi işlərini oxuyaraq özünəməxsus üslubuna heyran qalmış, müqayisəli mövzulara marağımın formalaşmasında məhz onun rolu olmuşdur. Təsəvvür belə etməzdim ki, illər sonra təsadüfən iştirak etdiyim bir konfransda onunla tanış olaram və bu tanışlıq həyatımın gedişatını tamamilə dəyişdirər.

Həyat, bəzən ən çox arzuladığın insanı gözlənilmədən qarşına çıxarır. Şəxsi və akademik inkişaf yolumda illərdir örnək aldığım bu insanla birlikdə addımlamağa başlamağım mənim üçün ən böyük fürsətlərdən biri oldu. Özümə inamımın artması, mümkünsüz görünən xəyallarımı gerçəkləşdirməyim və şəxsi keyfiyyətlərimi inkişaf etdirməyim — bütün bunlar onun mənə göstərdiyi dəstək və etimad sayəsində mümkün oldu.

Bu günə qədər bir çox müəllimlərim mənim inkişafıma töhfələr versə də, Bənövşə Məmmədovanı fərqləndirən məqamlar xüsusi qeyd olunmalıdır. O, hər fikrimi hörmətlə qarşılamış, elmi rəhbərim kimi daim dəstəkləmiş, səhvlərimi səbrlə izah edərək düzgün yolu öz davranışları ilə göstərmişdir. Ən təsirli anlardan biri isə onun səviyyəsinə çatmaq istədiyimi deyəndə hər zaman özündən də uğurlu olacağıma inandığını deməsi olmuşdur. Bu sözlər mənim üçün ən güclü motivasiyadır.

Bəzən kiçik görünən jestlər həyatın gedişatını dəyişdirir. Uğursuzluq yaşadığım günlərdə yanımda olması və gözlərimin içinə baxaraq “Sənə inanıram” deməsi, bir müəllimin tələbəsinə edə biləcəyi ən böyük yaxşılıqlardan biridir. Bu dəstək, bugünkü uğurlu Aygünün formalaşmasında həlledici rol oynamışdır.

Bugünkü yazımı xüsusilə Bənövşə Məmmədovaya həsr edir, onu səmimi qəlbdən təbrik edirəm. Ona həyatda mövcud olan hər şeyin ən gözəlini arzulayıram. Bu yazının onun üçün sürpriz olacağını bilirəm. Hər zaman onun haqqında bir məqalə yazmaq istədiyimi demişdim və 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində arzumu həyata keçiririəm.

Yaxşı ki, varsınız, dəyərli müəlliməm, ən mükəmməl elmi rəhbərim və yaxın dostum!

Əsərinin üzərində imzası olmayan yeganə şəxs müəllimdir, lakin mən getdiyim hər yolda və qazandığım hər uğurda fəxrlə onun adını çəkəcəyəm: mənim üzərimdə professor Bənövşə Məmmədovanın böyük əməyi vardır.

Aygün Mustafayeva,
Azərbaycan Dillər Universitetinin məzunu