Azərbaycanın "yaşıl enerji" sahəsində mövqeyi güclənir.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikincü günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim hərəkatındakı fəal rolunu daha da gücləndirir: "İqlim Fəaliyyəti Həftəsi qlobal iqlim gündəmini yerli və regional səviyyələrdə sürətləndirən, "yaşıl keçid" sahəsində innovasiyaları nümayiş etdirən və geniş əməkdaşlığı təşviq edən nüfuzlu bir platformadır. Bu platforma həmçinin COP29-un nəticələrinin həyata keçirilməsi və təmiz və ədalətli enerji keçidinin irəliləməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".
Nazir qeyd edib ki, qlobal iqlim fəaliyyətinə güclü təkan verən COP29 bərabərhüquqlu həllər və bərpa olunan enerjinin sürətli inkişafı üçün yeni üfüqlər açıb: "Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, dünya Bakının tarixi nailiyyətinin şahidi olub. Bu prosesdə Azərbaycanın artıq beynəlxalq arenada "yaşıl enerji" ölkəsi kimi mövqeyini möhkəmləndirərək habelə iqlim dəyişikliyi ilə qlobal mübarizədə göstərdiyi təşəbbüskarlığı misilsiz rol oynayıb".