01 oktyabr 2025 02:28
104

Sərmayə varsa, inkişaf da var

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları sərmayə yatırılıb

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən bir müddət iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə də hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır.

Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı. Belə ki, müqavilə imzalanandan sonra neft sənayesi ilə yanaşı, bu sahəyə yaxın olan digər istehsal və xidmət sahələrinə də kapital qoyulmağa başlandı.

Ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün əlverişli imkanlar yaratdı. Məhz bu səbəbdən 2004-2024-cü illərdə iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi - 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Azərbaycana göstərilən etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya qoymağı seçirlər. Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir. Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə nəticələnib. Hazırda ölkəmizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu sənaye parkları məhəllələrində 171 müəssisə qeydiyyata alınıb, onların 98-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, burada 11 minə yaxın daimi iş yeri yaradılıb.

Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri, həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nisbətən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 6,5 faizə düşərək dünyada ən aşağı göstəricilərdən birinə çevrilib.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Enerji siyasəti də ölkəmizin beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur. Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir. Ənənəvi enerji sahəsindəki uğurlar bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır.

Sevinc Azadi, “İki sahil”