01 oktyabr 2025 17:24
347

Müasir müharibələrdə psixoloji itkilər

Postmüharibə dövrü döyüşlərin qazandırdığı problemlərlə gündəmdə olur. Müasir müharibə iştirakçıları döyüş yolundan və onun çətinliyindən asılı olaraq psixoloji sağlamlıq problemləri yaşayırlar. Sanitar itkilərlə yanaşı psixoloji itkilər də qaçılmazdır. Psixoloji itkilər gələcəkdə bir çox fəsadlara yol aça bilir ki, bu da veteranın həm özünün həm də ətrafının müəyyən çətinliklər yaşamasına səbəb olur. Müasir ordu sənayesi silahları öldüməkdən çox, ömürlük şikəst edəcək qabiliyyətə hesablayır. Hər iki tərəf rəqibinin döyüşçüsünü öldürməkdən daha çox illər boyu süründürəcək yara vurmağa və yaxud əlil etməyə meyillidir. Çünki müharibə əlilləri həmçinin, psixoloji xəstəliyə yoluxan şəxslər olaraq cəmiyyətə mənəvi-psixoloji zərbədir. Burada dövlətə dəyən maddi ziyanı da nəzərə almaq lazımdır. Əlillərin reabilitasiyası, mütəmadi həkim nəzarəti, tibbi preparatlar, əlillik, fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı hər biri müəyyən maddi resurslar tələb edir. Həmçinin əlillərin yaşadıqları çətinliklər və sarsıntılar tək ailələri deyil cəmiyyətə də psixoloji təsir göstərir. 

Postmüharibə dövründə veteranlar əsasən depressiya, narahatlıq və maddə asılılığı da daxil olmaqla müxtəlif psixoloji qeyri-adekvat vəziyyətlərə həssaslıq nümayiş etdirirlər. Bu həssalıq döyüş stress reaksiyasına (DSR) aid edilir. Özünü, uzunmüddətli döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə daha qabarıq göstərir.

Amerika psixoloqları ikinci dünya müharibəsi zamanı müəyyən etmişlər ki, cəbhə xəttində bir əsgər üçün qırılma nöqtəsi döyüşün intensivliyindən və tezliyindən asılı olaraq 60 ilə 240 gün arasındadır. Qırılma nöqtəsi nədir? 

- Hərbçilərdə buna uzun müddətli stress halında psixoloji təslimiyyət halı demək olar. (Anlaşılması üçün deyə bilərik ki, psixoloji təslimiyyət halı-apatiya, dissosiativ reaksiya, öyrənilmiş çarəsizlik və s. bunun kimi elmi terminlərə yaxın anlayışdır) Belə ki, insan psixologiyası stress, təzyiq və ya mənfi təcrübənin birləşməsindən qaynaqlanan ağır psixi yüklənmələr zamanı “gücü çatmayanı” qəbul etmir. 

Orduda məşhur olan “ayıq ol, sağ qal” fundamental deyimi hərbçini fasiləsiz stress altında saxlaya bilir. Eyni zamanda bu deyim hərbçinin daimi olaraq təhdid altında olmasından xəbər verir. Döyüş zamanı isə bu deyimdə “ayıq ol” ifadəsi qüvvədən düşür. Raket artilleriya silahlarının, kütləvi qırğın silahlarının, pilotsuz uçuş aparatlarının və . aviasiya bombardımanın intensivliyi döyüşün şiddətini artırır. Belə olduqda, inkişaf etmiş ölkələrin orduları da daxil olmaqla bütün döyüş əməliyyatlarına cəlb edilmiş heyətdə psixoloji itkilərin olması təbii haldır. Lakin bu itkilər statistik olaraq döyüş növündən və düşmən qüvvələrdən  asılı olaraq dəyişə bilir. 

Psixoloji itkilərə təsir edən əsas amillər aşağıdakılardır:

- əsgərin təchizatı (qoruyucu gödəkcə, dəbilqə, fərdi təminatı, silahı)

- peşəkarlıq səviyyəsi, 

- döyüş apardığı silah-texnika cəhətdən, 

- döyüşə psixi və fiziki hazırlığı,

- döyüşün növü (hücum, müdafiə)

- döyüşün şəraiti (baş verdiyi coğrafiya, relyef,)

- fərdin şəxsi keyfiyyətləri(temperamenti, psixotipi, dünyagörüşü və s.)

Psixoloji itkilər dedikdə, ilkin olaraq döyüş zamanı açıq yara almayan, qorxu, təşviş, həyəcan keçirən şəxsi heyət nəzərdə tutulur. Bir çox hallarda müharibə bitdikdən sonra təsiri uzun müddət davam edə bilir. Beynəlxalq standartlarda Post Travmatik Stress Pozuntusu (PSTP) adlanır. PSTP müxtəlif müharibələrdə fərqli faizlərlə ifadə olunur. Belə ki, ABŞ ordusunun İraq və Əfqanıstana yerləşdirilən qoşunları arasında yüksək PSTP halları yaşanmışdır. Tədqiqatlar göstərdi ki, bu münaqişələrdən qayıdan veteranların təxminən 20%-i müharibədən sonra dərin psixoloji sarsıntılar yaşamış, psixi pozuntularla üzləşmiş, depressiya və psixotrop maddə aludəçisi olmuşdur.  

Bununla belə, Kolumbiya Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma, 2004-cü ildə İraqda döyüş bölmələrində xidmət edən əsgərlərin və dəniz piyadalarının təxminən 16 faizinin böyük depressiya və narahatlıqdan əziyyət çəkdiyinə dair hesabat oxşar rəqəmlərlə nəticələndi.

1990-cı ildə keçirilən sorğuda belə nəticəyə gəlinib ki, Vyetnamda xidmət edənlərin demək olar ki, hər üçdə biri (30,9 faiz) evə PSTP ilə gəlib və onların 15 faizi hələ də bu xəstəlikdən əziyyət çəkir. 

2001-ci ildən bəri İraq və Əfqanıstanda yerləşdirilən təxminən iki milyon Amerika əsgərinə təsir edən əsas psixoloji problemlərdən bəziləri travmatik beyin zədəsi (TBZ), depressiya və travma sonrası stress pozğunluğu (TSSB) olması təyin edilmişdir.

Araşdırma aparılan qrupun üzvləri pusqu, qəfil basqın kimi yerli xalqa məxsus taktiki döyüş üsullarından xüsusi narahatlıq hiss etdiklərini və bunun bir kabusa çevrildiyini etiraf edirlər. 

Onu da qeyd edək ki, cəmiyyətin həssas qrupu sayılan bu kütlə daim özlərinə qarşı yüksək diqqət tələb edir, qayğı gözləyirlər. 

Döyüş meydanında uzun müddət davamiyyəti saxlamaq üçün Britaniya ordusu modelindən istifadə etmək lazımdır. Həmin modeldə əsgərlər  hər 12-14 gün sonra 4 günlük istirahət üçün döyüş tapşırıqlarından uzaqlaşdırılır. Bu metod əsgərin döyüş meydanında uzunmüddətli dayanmasını təmin etsə də PTSP-na təsir edə bilmirdi (əsgərin döyüş meydanında uzun müddət saxlanılması onu PTSP-dan sığortalamır). Partlayış, dəhşətli ölüm səhnələri, insan orqanın parçalanması, yaxın silahdaşının ölümü kifayət qədər sarsıdıcı gücə sahibdir.

Daha bir faktı isə Rusiya-Ukrayna müharibəsindən nümunə gətirmək olar. Müharibənin gedişində aparılan sorğular nəticəsində məlum olmuşdur ki, Ukrayna əhalisi arasında ciddi psixoloji sarsıntı halları baş vermişdir. Müharibə gedən yaşayış məntəqələrində əhalinin 68 faizində  xəstəliklər meydana gəlib və yaxud mövcud xəstəliklər inkişaf etmişdir. Onların arasında psixiatrik xəstəliklər daha çox yer tutur. 

Araşdırmalara görə, Ukrayna silahlı qüvvələrindəki intiharlar bütün ölüm hallarının əhəmiyyətli hissəsini, 18-50%-ə qədərini təşkil edib. Bu, çağırışçıların ordu həyatına uyğunlaşma çətinlikləri, həddindən artıq stress və kifayət qədər psixoloji dəstəyin olmaması ilə bağlıdır.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Ukrayna ordusunda intihar edənlərin orta yaşı 19,9 olub. Suisidentlərin əksəriyyəti xəstəxanaya yerləşdirilməsini tələb edirdi. Bu gün Ukrayna ordusu intiharların sayına görə ilk onluqda yer alır. 

Ölkəmizə gəldikdə isə bu haqda sevinərək danışmaq olar. 1-ci və 2-ci Qarabağ müharibələrinə diqqət yetirək. 1-ci dövr daha çox ağrı-acılı hadisələrlə yadda qalıb. Əvvəla, 1990-cı illərdə “psixoloji travma” və “psixoloji dəstək” anlayışları Azərbaycanda yalnız bir ovuc mütəxəssisə məlum idi. İkincisi, psixologiyaya vaxt yox idi - bütün səylər müharibə qasırğası ilə parçalanmış Sovet İttifaqının xarabalıqlarında fiziki sağ qalmağa yönəlmişdi. Rusiyada 1990-cı illəri adətən “vəhşi doxsanıncı illər” adlandırırlar. Azərbaycanda bu ifadə keçərli deyil. Biz onu sadəcə rəmzi olaraq “məyusluq onilliyi” adlandıra bilərik. 

Vətən Müharibəsində aktiv döyüşlər 44 gün ərzində baş verdi. Bu bir əsgərin istirahətsiz döyüş aparma gücündə olan normal müddətdir. 2-ci Qarabağ müharibəsindən sonra az da olsa psixoloji itkilərə rast gəlmək mümkündür. Ölkəmizdə bu sahədəki rəqəmlərə “Yaşat” fondunun hesabat sənədlərində rast gəlmək mümkündür. (Marağımızda olmadığı üçün bu araşdırmanı aparmağı hələlik özümüzə rəva bilmirik.) Bu da özlüyündə mövzunu tam əhatə etmir. Azərbaycan Ordusunda döyüşçülər arasında barotravma halları (barotravma ətrafda yaranan qaz və hidro təzyiqin kəskin fərqi nəticəsində hüceyrələrin fiziki zədələnməsi prosesidir) qapalı kəllə beyin travması, qəlpə təsiri ilə yaralanma (həlak olma) geniş yayılmışdır. Barotravma diaqnozu əsasən artilleriya mərmilərinin partlaması zamanı yüksək təzyiqin ağciyərlərin, qulağın, orta qulağın və beyindaxili hava boşluqlarının fiziki zədələnməsi ilə nəticələnirdi. Postmüharibə dövründə veteranlar arasında aparılan araşdırmalara əsasən iştirakçıların yaddaşında qalan müharibə səhnələri əsasən artilleriya və ya minomyot mərmilərinin partlaması, həlak olan yoldaşlarına görə günahkarlıq, sağ qaldıqları üçün özünüqınama kimi depressiv hisslər müharibədən 5 il keçməsinə baxmayaraq hələ də aktualdır. (Yəqin ki, emosional, əqli və fiziki problemlər, qəfil parıltı, ildırım çaxması, foto çəkiliş zamanı flaşın parıltısı və s. kimi hallarda döyüşçülərin reaksiyalarını xatırlayırsız) 

Təəssüflər olsun ki, hər iki dövrdə də bu sahədə elmi tədqiqatlar aparılmamışdır.

Belə halların az-az baş verməsinə baxmayaraq, əlimizdə olan məhdud məlumatlar günümüzdə bu sahənin dərindən araşdırılmasına və əsaslı öyrənilməsinə ehtiyac var. 

Amil Məhərrəmoğlu,
hərbçi, psixoloq