02 oktyabr 2025 10:01
330

Beynəlxalq hüququn aliliyi təmin edilməlidir

25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Prezidentin nitqi həm Azərbaycanın milli maraqlarını, həm də beynəlxalq gündəlikdə mühüm məsələləri əhatə edib.

Çıxışında dövlət başçısı ilk növbədə Azərbaycanın uzun illər işğal və ədalətsizliklə üzləşdiyini xatırladaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra edilməməsinin ikili standartların bariz nümunəsi olduğunu vurğuladı. O, 2020-ci ildə Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdiyini və bunun regionda yeni reallıq yaratdığını diqqətə çatdırdı.

Prezident Əliyev Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparıldığını və Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyini qeyd etdi. O, regional əməkdaşlığın inkişafı üçün yeni təşəbbüslər, xüsusən də nəqliyyat və logistika əlaqələrini gücləndirməyi hədəfləyən TRIPP konsepsiyasını təqdim etdi.

Nitqdə Azərbaycanın iqtisadi uğurları da xüsusi yer aldı. Prezident maliyyə intizamı, xarici borcun azlığı, yüksək valyuta ehtiyatları və artan investisiya reytinqlərindən danışaraq ölkənin davamlı inkişaf yolunda olduğunu bildirdi. Bununla yanaşı, humanitar fəaliyyətlər, pandemiya dövründə göstərilən beynəlxalq yardımlar və ekoloji çağırışlar da diqqət mərkəzində oldu.

Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyinə hörmət edilməsinin vacibliyini və ikili standartlardan uzaq, ədalətli münasibətlərin qurulmasının zəruriliyini vurğuladı.

Bu çıxış Azərbaycan diplomatiyasının əsas prioritetlərini nümayiş etdirməklə yanaşı, ölkənin beynəlxalq arenada güclənən mövqeyini bir daha ortaya qoydu.

Əlvan Abbasov,
YAP Xətai rayon təşkilatının General Mehmandarov küçəsi 78 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvü