1990-cı illərin əvvəlləri Azərbaycan üçün mürəkkəb və ağır illər idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə həm siyasi, həm də hərbi baxımdan ciddi sınaqlarla üz-üzə qalmışdı. Bu qarışıq dövrdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ bölgəsi və ətraf rayonlar işğala məruz qaldı. Həmin acı taleyi yaşayan rayonlardan biri də Cəbrayıl oldu.
1993-cü ilin avqustunda Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək Cəbrayıl istiqamətində irəlilədi. Qısa müddət ərzində müdafiə xətti yarıldı və 23 avqust tarixində rayonun bütün ərazisi düşmənin nəzarətinə keçdi. Bu hadisə həm əhali, həm də dövlət üçün böyük faciə idi. Çünki Cəbrayıl strateji baxımdan mühüm mövqedə yerləşir və onun işğalı digər rayonlara da ciddi təhlükə yaradırdı.
Rayonun işğalı ilə minlərlə ailə evsiz-eşiksiz qaldı. İnsanlar öz doğma kəndlərini tərk edərək Azərbaycanın müxtəlif guşələrində məcburi məskunlaşdılar. Bu köçkün həyatının gətirdiyi sosial və psixoloji çətinliklər onilliklər boyu davam etdi. İnsanlar yalnız bir arzu ilə yaşadılar – doğma yurda geri qayıtmaq.
Cəbrayıl işğal altında qaldığı illərdə tamamilə dağıntıya məruz qaldı. Buradakı yaşayış məntəqələri viran edildi, tarixi abidələr yerlə-yeksan olundu. Məscidlər, məktəblər, mədəniyyət evləri, kitabxanalar və qəbiristanlıqlar təhqir edildi. Bu vandalizm yalnız əraziləri işğal etmək deyil, həm də xalqın tarixi-mədəni irsini məhv etməyə yönəlmişdi.
Torpaqların işğalı ilə yanaşı, təbiət də məhv edildi. Əkin sahələri minalandı, bağlar qırıldı, meşələr qırıntılara çevrildi. Ərazi uzun illər istifadəsiz qaldı və sanki "ölü zona"ya çevrildi. Halbuki Cəbrayıl əvvəllər kənd təsərrüfatı məhsulları ilə tanınan, iqtisadi cəhətdən mühüm bir bölgə idi.
Bütün bu itkilərə baxmayaraq, Azərbaycan xalqı ümidini itirmədi. Uzun illər ərzində diplomatik mübarizə aparıldı, beynəlxalq təşkilatların işğalı pisləyən qərarları qəbul edildi. Lakin əsas həlledici məqam 2020-ci ildə gəldi. Həmin ilin sentyabrında başlayan Vətən Müharibəsi gedişində Azərbaycan Ordusu qısa müddətdə bir çox əraziləri azad etdi. 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri işğaldan azad olundu.
Bu xəbər bütün ölkə boyu böyük coşqu ilə qarşılandı. Çünki Cəbrayılın azad olunması həm strateji əhəmiyyət daşıyırdı, həm də xalqın qəlbində illərlə yığılan həsrətin sonu demək idi. İşğaldan azad olunan torpaqlarda üçrəngli bayrağımız dalğalananda bütün Azərbaycan xalqı özünü qalib kimi hiss etdi.
Bu gün Cəbrayıl yenidən qurulma mərhələsindədir. İllərlə xarabalığa çevrilmiş torpaqlarda yeni evlər tikilir, yollar çəkilir, sosial obyektlər inşa olunur. Məqsəd Cəbrayılı yalnız əvvəlki vəziyyətinə qaytarmaq deyil, onu müasir və inkişaf etmiş bir rayona çevirməkdir.
Cəbrayılın işğalı Azərbaycan üçün böyük bir dərs oldu – müstəqilliyin qorunması üçün güclü orduya sahib olmağın vacibliyini göstərdi. Onun azadlığı isə sübut etdi ki, haqq və ədalət gec-tez öz yerini tapır.
Günay ismayılova,
YAP Xətai rayon təşkilatının fəalı