03 oktyabr 2025 09:22
314

Tarixi ədalətin bərpası

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri həm siyasi, həm də tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin dirçəlişini, dövlətin gücünü və xalqın doğma torpaqlarına dönüş yolunun başlanğıcını təcəssüm etdirir.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsi 44 gün davam etdi və Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Bu qələbə nəticəsində Cəbrayıl rayonu da işğaldan azad olundu. Prezident İlham Əliyev həmin günlərdən sonra Cəbrayıl rayonuna ilk səfərini etdi. Bu səfər sadəcə bir işgüzar tədbir yox, həm də tarixi məna kəsb edirdi. Çünki 27 il düşmən tapdağı altında qalan torpaqlarda Azərbaycan bayrağını ucaldan məhz dövlət başçısı oldu.

Prezident İlham Əliyev səfəri zamanı çıxış edərək vurğuladı ki, Cəbrayılın azadlığı təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpasıdır. Onun sözlərinə görə, bu torpaqlar artıq əbədi olaraq Azərbaycanındır və xalqımız bir daha öz yurd-yuvasından didərgin düşməyəcək.

Prezidentin Cəbrayıla səfərlərinin əsas məqsədlərindən biri bölgənin yenidən qurulması istiqamətində konkret planların həyata keçirilməsi idi. Səfərlər çərçivəsində rayon ərazisində aparılacaq yol, körpü, elektrik, su və digər infrastruktur layihələrinin təməli qoyuldu. Həmçinin kəndlərin bərpası, yeni yaşayış məhəllələrinin salınması ilə bağlı mühüm göstərişlər verildi.

Cəbrayıl rayonunun ərazisindən keçən Zəngilan–Cəbrayıl–Qubadlı avtomobil yolu, Horadiz–Ağbənd dəmir yolu və digər kommunikasiya xətləri işğaldan azad edilmiş torpaqların iqtisadi dirçəlişi üçün strateji layihələr hesab olunur. İlham Əliyevin səfərləri zamanı bu layihələrin təməli qoyuldu və artıq onların böyük hissəsi reallaşdırılır.

Prezident İlham Əliyevin səfərlərinin mühüm məqamlarından biri də şəhidlərin xatirəsinə ehtiramın ifadə olunması idi. O, Cəbrayıl uğrunda gedən döyüşlərdə canını fəda edən qəhrəmanların xatirəsini yad edərək, Azərbaycan xalqının onların qanını yerdə qoymadığını bəyan etdi. Bu çıxışlar həm yerli sakinlər, həm də bütün xalq üçün mənəvi dəstək oldu.

Daha sonrakı illərdə Prezident İlham Əliyev dəfələrlə Cəbrayıl rayonuna səfər etmişdir. Hər bir səfər yeni açılışlar, təməlqoyma mərasimləri və bərpa işləri ilə yadda qaldı. Bu səfərlərdə dövlət başçısı həm infrastruktur layihələrinin gedişi ilə tanış olur, həm də bölgənin gələcək inkişafı üçün yeni tapşırıqlar verirdi.

Prezident İlham Əliyevin Cəbrayıl səfərləri həm də beynəlxalq ictimaiyyətə siyasi mesaj idi. Bu səfərlər bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarının həqiqi sahibidir və heç bir güc bu reallığı dəyişdirə bilməz. Dövlət başçısının çıxışları xalqın qələbə əzmini, yenidənqurma iradəsini və gələcəyə inamını daha da möhkəmləndirir.

Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı