07 oktyabr 2025 01:58
121

Bütün yollar Romaya aparır

Bu gün İtaliya Azərbaycan neftinin və qazının Avropaya giriş qapısı rolunu oynayır

İqtisadi gücünə görə dünya ölkələri arasında ilk onluqda qərarlaşan İtaliyanın ölkəmizlə əməkdaşlığı hər il daha da genişlənir. Bu gün İtaliya Avropada Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu ölkənin  Cənubi Qafqaz dövlətləri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Cari ilin yanvar-iyul aylarında  iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollara çatıb. 2024-cü ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub ki, bu da Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi deməkdir.

Azərbaycan xüsusilə enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Yəni özünün qədim  deyimindəki kimi bütün yollar Romaya aparır. Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına «mavi yanacağ»ın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir. Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artıraraq 12.9 milyard kubmetrə çatdırıb. 2027-ci ildə isə bu göstəricini 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Hazırda Azərbaycan nefti İtaliyanın neft balansında birinci,  Azərbaycan qazı ikinci yerdədir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru sahəsində   də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Təbii ki, bunlar ikitərəfli münasibətlərdə iqtisadi faktorun çox mühüm elementi sayılır.

Digər bir önəmli məsələ odur ki, Azərbaycanla İtaliyi yalnız iqtisadi tərəfdaş deyillər, həm də ən çətin məqamlarda bir-birlərini dəstəkləyən iki dost ölkələrdir. Belə ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış «Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə»də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyiblər. Sənəddə keçmih Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, «Azərenerji» ASC-nin və İtaliyanın «Ansaldo Energia» şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz «Ansal jh jvhbdo Energia» şirkətinin üzərinə düşüb. Prezident İlham Əliyev müsahibəsində bununla əlaqədar qeyd edib: «İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.»

2025-ci ilin 30 sentyabr-1 oktyabr tarixlərində İtaliya Prezidenti Sercio Mattarellanın respublikamıza səfəri iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə təkan oldu. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi.  İtaliya Prezidenti mətbuata bəyanatında bildirdi ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və İtaliyanın Azərbaycanla əməkdaşlığı bu çərçivədə də çox əhəmiyyətli olacaqdır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102 tələbə isə magistr səviyyəsində təhsil alır. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bildirdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. İtaliya Prezidenti isə bu hadisəni yüksək qiymətləndirərək universitetin Azərbaycan-İtaliya münasibətlərində qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığa xidmət edən addım olacağını bildirdi. Sercio Mattarella İtaliyanın bu dostluqdan çox fərəhləndiyini və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrində olduğunu vurğuladı.

Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixinin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Prezidenti Sercio Mattarellanın səfəri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. 

Elçin Zaman, «İki sahil»