07 oktyabr 2025 00:57
93

Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu

Vəhşi ermənilərin daşı-daş üstə qoymadığı rayon indi gülüstana çevrilməklə öz sakinlərini 27 illik həsrətdən sonra qoynuna alır

Qarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları  ilə həmsərhəddir. Rayon haqqında  İran tarixçisi Həmdullah Qəzvininin,  Azərbaycan tarixçiləri Abasqulu ağa Bakıxanovun , Əhməd  bəy  Cavanşirin , Mirzə Camal Cavanşirin, Mirzə Adıgözəl bəyin və başqalarının əsərlərində  taixi və dəyərli məlumatlara rast gəlmək  olur.

Cəbrayıl tarixən qədim  insanın  formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, bu gün də tarixçilər tərəfindən araşdırılan məşhur Azıx mağarasının keçmiş Cəbrayıl qəzası ərazisində olması, eyni  zamanda, Dağtumas kəndi yaxınlığındakı  «Nəfəsli  dərə» deyilən ərazidə yerləşən «Divlər  sarayı» mağarasından tapılmış yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olması bunu deməyə əsas verir. Rayonun adı Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını VIII əsrdə yaşamış Cəbrayıl ata qoymuşdur. O, Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olmuşdur. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilirmiş. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Rayonun ərazisindəki türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəslə ötürülmüş canlı tarixdir. Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan  möhtəşəm tarixi abidələrimizdən biri olan Xudafərin körpüsü  də Cəbrayıl rayonu ərazisində yerləşir.

Ötən əsrin 90-cı illərində barbar və terrorçu Ermənistan Azərbaycan torpaqlarının işğalına başladı. O dövrdəki zəif Azərbaycan dövləti və milli ordumuzun tamamilə formalaşmaması, ən başlıcası isə Rusiyanın ermənilərə hərbi və siyasi dəstək verməsi ilə torpaqlarmız biir- birinin ardınca işğal olundu. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal edildi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar.  Cəbrayıl rayonundan Birinci Qarabağ müharibəsində 392 nəfər şəhid, 191 nəfər əlil oldu.

Cəbrayıllılar 27 il ərzində öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günündə  Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri  işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

Rayonun azad edilməsi xəbərini xalqımız düz 27 il səbirsizliklə gözləyirdi. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdilər. Bu, sevinc göz yaşları idi. Çünki, beş il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.

 Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra-2020-ci il  noyabr  ayının  16-da Prezident İlham Əliyev və birinci  xanım Mehriban  Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Müzəffər Ali Baş Komandan  İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin  körpüsündə üçrəngli  Azərbaycan  Bayrağını ucaltdı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib.Həmin Sərəncama uyğun olaraq Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayıl Şəhər Günü kimi qeyd edilir. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla bayram edirlər.  

Beynəlxalq təşkilatlar və xarici ölkələr ermənipərəst xarkterləri ilə 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdular. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.

Ermənistan hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaqdır. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoymuşdular. Amma yanıldılar. İkinci Qarabağ müharibəsindəki 44 günlük döyüşlərdə qazandığımız tarixi Zəfərdən sonra  Qarabağda və Şəqi Zəngəzurda Böyük Qayıdış üçün nəhəng tikinti- quruculuq işlərinə başlanıldı. Bu gün Cəbrayıl başda olmaqla işğaldan azad edilmiş rayonlar sözün həqiqi mənasında gülüstana çevrilir.

Elçin Zaman, «İki sahil»