İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəsi genişlənir. Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Rəsmi Bakı Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında Romanın göstərdiyi dəstəyi xüsusi qiymətləndirir. Prezidentlər ikitərəfli formatda və Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr. apardılar. Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir. Dövlət başçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-Azərbaycan Universiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmış strateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasında mədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncin burada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan ilə İtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçün strateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir.
Azərbaycan Prezidenti mütəmadi olaraq İtaliyanın ev sahibliyi etdiyi nüfuzlu Çernobbio forumuna da əsas qonaq qismində dəvət olunur. Bu, cənab İlham Əliyevə dost İtaliyanın ehtiramının göstəricisidir. İtaliya keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfər edən əcnəbi qonaqlar arasında italiyalı diplomatlar ön sırada olub. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində aktiv iştirak edir. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri