08 oktyabr 2025 02:28
179

Hadrutun azadlığının beşinci ili

2020-ci il oktyabrın 9-u şanlı Qələbəmizin tarixinə Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və 8 kəndi işğaldan azad etməsi günü kimi yazıldı

Həmin uğurlu əməliyyata 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar. Burada həm işğalçı tərəfin 18-ci diviziyasının qərərgahının tutulması, həm də bütün rabitə yollarının tam bağlanması Azərbaycana qarşı döyüşən bütün silahlılar arasında böyük təşviş yaratmışdı. Bununla yanaşı, Ermənistan ordusu üçün müdafiə xətti daha da böyüdü və Azərbaycan Ordusunun manevr imkanlarını artdı. Hər tərəfdən dağların əhatəsində yerləşən Hadrut ermənilər tərəfindən əsas yollar və yol güzərgahlarından ciddi müdafiə olunurdu. Qəsəbə ərazi baxımından kiçik olsa da, burada Ermənistan ordusunun böyük qüvvələri cəmləşmişdi. Hadrut həm də onların koordinasiya nöqtəsi - necə deyərlər, quldur yuvası idi. Düşmən üçün Hadrutun strateji əhəmiyyəti böyük idi. Buradakı dağ yüksəkliyinin bir tərəfindən Cəbrayıl istiqamətinə, digər tərəfindən isə Füzuli istiqamətinə nəzarət etmək olurdu. Çətin və qeyri-bərabər döyüşə girən Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri düşməndən sayca dəfələrlə az olmasına baxmayaraq qəsəbəni azad etdi. Sağ qalmaq üçün müxtəlif dağ yolları və cığırlarla geri qaçan erməni ordusu Hadruta yenidən hücum cəhdləri etməyə cəhd göstərdi. Necə deyərlər, ordumuzun qətiyyəti və sayıqlığı düşmənin planlarını suya salır, - gələn canlı qüvvə peşəkarlıqla təşkil edilmiş pusqularda məhv edildi. Əlbəttə, burada mövqelənmək asan başa gəlmədi, şəhidlər verilsə də üstünlük və yüksəkliklər əldən verilmədi. Bu isə Şuşanın azad olunması əməliyyatına unikal imkan yaratdı. Hadrut azad olunduqdan sonra Azərbaycan Ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orada üstünlük əldə edərək Füzuli-Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri, Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırdı: “Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər.”

Həmin vaxt Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlaydı. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayırdılar. 2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycanın dövlət Bayrağını ucaltdı və çıxış etdi. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb. Dövlət başçısı bildirdi ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün oldu: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

Qeyd edək ki, Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada qədim abidələrə də rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir. 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırıldı. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verildi. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradıldı. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri Hadrutu işğal etdilər. Hadrut rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycana ciddi ziyan dəymişdir. Bu ərazidə qədimdən yaşayan 2239 nəfər azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşdü. Hərbi təcavüz nəticəsində Hadrutun 679 kvadrat kilometrlik ən məhsuldar torpaqları işğal edildi.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunun Hadrut qəsəbəsində də möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. Sentyabrın 14-də qəsəbədə olan dövlətimizin başçısına burada həyata keçirilmiş işlər barədə məlumat verilərkən bildirilmişdir ki, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb. Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurduna qayıdıb. Həmçinin Hadrut qəsəbəsində 2021-ci ilin oktyabrında dövlətimizin başçısı tərəfindən təməli qoyulan yeni məscidin inşası da başa çatdırılıb.

Dövlətimizin başçısı səfər çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə də görüşdü. Ölkə rəhbərinin sakinlər qarşısında çıxışı qürurverici anları ilə hər kəsin yaddaşına həkk olub: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq”.

Sevinc Azadi, “İki sahil”