08 oktyabr 2025 01:25
266

Diktə edən tərəf...

Prezident İlham Əliyevin Kopenhagenə səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın qlobal problemlərin həllində yeni strateji mərhələyə qədəm qoyduğunu təsdiqləyən tarixi hadisə kimi dəyərləndirilməlidir. Görüşlərin qarşı tərəflərin təşəbbüsü və müraciətləri əsasında baş tutması müasir Azərbaycan diplomatiyasının nail olduğu zirvələrin və Prezident İlham Əliyevin şəxsi nüfuzunun bariz göstəricisidir. Bu, sadəcə rəsmi səfər deyil, Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq miqyasda qəbul edilməsinin və Avropanın aparıcı gücləri tərəfindən dəstəklənməsinin rəsmi təsdiqidir. Kopenhagen səfərinin təşəbbüskarlarının məhz Avropa siyasi dairələri və beynəlxalq institutların rəhbərləri olması həm də onu göstərir ki, Azərbaycan diplomatiyası artıq beynəlxalq münasibətlər sistemində sadəcə “diqqət çəkən” deyil, “müraciət edilən tərəf” səviyyəsinə yüksəlib. Bu, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, suveren və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Müstəqillik illərində əldə olunan nailiyyətlər, xüsusilə son iki onillikdə formalaşan dövlətçilik modeli Azərbaycanın regionda etibarlı tərəfdaş imicini möhkəmləndirib. Kopenhagen danışıqları bu strateji reallığın beynəlxalq səviyyədə təsdiqidir.

Qalib Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq

Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əsas amil 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdir. 2020-ci ildə Ermənistanın işğalçı ordusunun darmadağın edilməsi və ərazi bütövlüyümüzün bərpası Cənubi Qafqazda yeni geosiyasi mühit formalaşdırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi. Bu, təkcə hərbi qələbə deyil, həm də diplomatik qətiyyətin və siyasi iradənin təntənəsi idi. Beynəlxalq ictimaiyyət artıq anlayır ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması Azərbaycanın iştirakı və razılığı olmadan mümkünsüzdür. Bu reallıq Avropanın və beynəlxalq təşkilatların regiona münasibətini köklü şəkildə dəyişib. Əvvəllər təzyiq və ikili standartlara əsaslanan münasibət formulu bu gün bərabərhüquqlu dialoq və qarşılıqlı hörmət prinsipi ilə əvəzlənib.

Prezident İlham Əliyev liderliyinin beynəlxalq səviyyədə təsdiqi

Ölkəmizin bu mövqeyə yüksəlməsində əsas amil Prezident İlham Əliyevin liderliyidir. Onun 22 illik prezidentliyi dövründə nümayiş etdirdiyi strateji təfəkkür, uzaqgörənlik və prinsipiallıq regionda və qlobal səviyyədə Azərbaycana böyük hörmət qazandırıb. Bu gün dövlətimizin başçısı artıq təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın gələcəyini müəyyən edən lider kimi qəbul olunur.

Prezidentin BMT Baş Assambleyası, Münxen Təhlükəsizlik Konfransı və Davos Forumundakı çıxışları Azərbaycanın maraqlarını müdafiə etməklə yanaşı, ədalətli beynəlxalq münasibətlər prinsipinə sadiqliyin ifadəsidir. Bu çıxışlar onu dünya liderləri arasında fikrinə hörmət edilən və proqnozlarına etibar olunan siyasətçiyə çevirib. Avropa siyasi dairələrinin Kopenhagendə Azərbaycan lideri ilə görüşlərə təşəbbüs göstərmələri də bu etimadın nəticəsidir. Avropa artıq Cənubi Qafqazla bağlı siyasətini müəyyən edərkən Azərbaycan Prezidentinin fikirlərinə istinad edir.

Azərbaycanın artan strateji və iqtisadi çəkisi

Prezident İlham Əliyevin Kopenhagen səfərinin əhəmiyyətini dərk etmək üçün Azərbaycanın artan strateji və iqtisadi dəyərinə nəzər salmaq vacibdir. Müasir dünyada nüfuz yalnız hərbi və siyasi güclə deyil, həm də iqtisadi sabitlik, enerji təhlükəsizliyi və tranzit imkanları ilə ölçülür. Azərbaycan bu sahələrin hər birində özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Cənub Qaz Dəhlizi və onun əsas seqmenti olan TAP kəməri vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, qitənin enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Avropa üçün Azərbaycanın əhəmiyyəti daha da artıb. Bununla yanaşı, yaşıl enerji layihələri və Xəzər üzərindən Avropaya bərpaolunan enerji ötürülməsi təşəbbüsləri ölkəmizi qitənin gələcək enerji arxitekturasında əsas oyunçulardan birinə çevirir.

Azərbaycanın qlobal nəqliyyat sistemində də rolu getdikcə böyüyür. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Asiya ilə Avropa arasında ən təhlükəsiz ticarət marşrutudur. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil magistralları Azərbaycanın tranzit imkanlarını strateji səviyyəyə qaldırıb. Qara dəniz və Şimal istiqamətlərindəki risklər fonunda Azərbaycanın sabitliyi Avropanın təchizat təhlükəsizliyinin mühüm təminatına çevrilib.

Diplomatiyada yeni mərhələ: Diktə edən tərəf

Kopenhagen görüşləri Azərbaycanın diplomatik statusundakı dəyişimin rəmzinə çevrildi. Azərbaycan artıq təklifləri qəbul edən deyil, onları formalaşdıran, prosesləri yönləndirən tərəfdir. Görüşlərdə müzakirə edilən məsələlərin — regional təhlükəsizlik, enerji, nəqliyyat və humanitar əməkdaşlığın genişliyi ölkəmizin təsir dairəsinin artdığını nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi hər bir fikir diqqətlə dinlənilir və Avropanın Cənubi Qafqaz strategiyasına daxil edilir. Bu, diplomatik müstəqilliyin və milli ləyaqətin təntənəsidir. Dövlətimizin başçısının Kopenhagen səfəri Azərbaycanın son 20 ildə qurduğu inkişaf modelinin beynəlxalq səviyyədə tanınması deməkdir. Bu model iqtisadi sabitlik, müstəqil siyasət, multikulturalizm, tolerantlıq və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanır. Avropa siyasi elitası da artıq başa düşür ki, Azərbaycana münasibət yalnız enerji və təhlükəsizlik maraqları ilə deyil, həm də onun konstruktiv və məsuliyyətli mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyevin Danimarkaya səfəri Azərbaycanın xarici siyasət salnaməsində xüsusi yer tutacaq hadisədir. Bu səfər güclü dövlətçilik xəttinin məntiqi nəticəsi və eyni zamanda, yeni mərhələnin başlanğıcıdır. Görüşlər bir daha göstərdi ki, cənab İlham Əliyev qlobal miqyasda fikirlərinə hörmət edilən və dinlənilən liderlərdən biridir. Cənubi Qafqazda hər hansı layihə və təşəbbüsün Azərbaycanın iştirakı olmadan reallaşması artıq mümkün deyil. Bu fakt Azərbaycanın suveren liderliyini və beynəlxalq sistemdə strateji zərurətə çevrildiyini sübut edir. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, güclü dövlətlər təkcə iqtisadi göstəricilərlə deyil, həm də müdrik liderlik və prinsipial diplomatiya ilə formalaşır.

Nəticə etibarilə Prezident İlham Əliyevin Kopenhagen səfəri Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik çevikliyinin və strateji çəkisinin təsdiqidir. Bu, güclü Azərbaycanın və onun müdrik Liderinin beynəlxalq aləmdə qazandığı növbəti parlaq qələbədir.

Nigar Orucova, “İki sahil”