Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Zirvə Görüşü qəbul edəcəyimiz qərarlarla təşkilatın mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Hər zaman qeyd etdiyimiz kimi, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqətdə olur. Bu dəfə Türk dünyasının birliyinə paytaxt Bakımız deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın hər bir bölgəsi beynəlxalq tədbirlər üçün ideal məkan ola bilər. Türk dünyasının birliyinə fərqli məkanlardan şahidlik etmək isə özündə mühüm çağırışları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev çıxışında “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir” söləyərək onu da qeyd etdi ki, ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir.
“Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Zirvə Görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirdilər, əldə olunmuş nailiyyətləri müzakirə etdilər və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər.
TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır. Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Cənab İlham Əliyev bu fikirləri prezident seçkilərində inamlı qələbəsindən sonra 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya çatdırdı. Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.
Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə Görüşü zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu. Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Cənab İlham Əliyev Zirvə Görüşündəki çıxışında bu məqamı da xüsusi vurğuladı ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə Azərbaycanla Türkiyənin dərin əməkdaşlığı mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Cənab İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Dövlət başçısı bildirdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı. Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında ölkələrimizin tranzit imkanlarına diqqəti yönəldərək vurğuladı ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Əlaqələrin inkişafında enerji amili daim önə çəkilir. Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanln enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Bu layihələr ölkələri, xalqları birləşdirir, onların dayanıqlı iqtisadiyyatının təmin edilməsinə öz töhfələrini verir. Dövlət başçısı İlham Əliyev çıxışında “Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib” söyləyərək diqqəti bu statistik rəqəmlərə də yönəltdi ki, şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda ölkəmiz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyir.
O da qeyd edildi ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Zirvə Görüşü qəbul ediləcək qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Zirvə görüşündə diqqət göstərilən məsələlərdən biri də Qarabağımızın və Şərqi Zəngəzurumuzun durçəlməsi prosesi oldu. Tarixi Zəfərimizin reallıqları fonunda Türk dünyasının birliyini təsdiqləyən mühüm məqamlardan biri də türk dövlətlərinin bərpa-quruculuq işində fəal iştirakıdır. Azərbaycan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir. Gələcəkdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi, onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik mərkəzinə çevirəcək. Türk Dövlətləri Təşkilatı bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər. Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək dövrüdür. Bu yol həm də türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir. Türk Dövlətləri Təşkilatının inkişaf xətti göstərir ki, bu birlik yalnız tarixi-mədəni bağlılıqlara əsaslanmır, həm də gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında real güc mərkəzi formalaşdırır və XXI əsr türk dövlətlərinin qlobal miqyasda söz sahibinə çevrildiyi əsr olacaq.
Cənab İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Dövlətimizin başçısı Zirvə Görüşünün yekununda müzakirələrə verdikləri dəyərli töhfələrə görə hər kəsə təşəkkür etdi. Bildirdi ki, səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir. Bir daha bu əminlik ifadə edildi ki, Zirvə Görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək.
Sonra Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması mərasimi oldu. Görüş zamanı qəbul olunan sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi. Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçdi. Bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqidir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif etdiyini önə çəkərək bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkürünü bildirdi. Zirvə Görüşü çərçivəsində məscidin onlayn formatda təməlqoyma mərasimi keçirildi.
Hət bir Zirvə Görüşü Türk dünyasının birliyində, həmrəyliyində yeni bir səhifə açır. Bu tədbirlər üçün seçilən mövzular dövrün çağırışlarını özündə əks etdirərək ümumi mövqenin ortaya qoyulmasını şərtləndirir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı addımları ilə diqqətdədir. Ölkəmizin mövqeyinə dəstək hazırda beynəlxalq münasibətlər sistemində artan nüfuzunda özünün aydın ifadəsini tapır. Türk dünyasının birliyi xarici siyasətimizin əsas tərkib hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü rəsmi sosial şəbəkə səhifələrində paylaşımında yer alan fikirləri də xatırlatmaq istərdik. Paylaşımında “Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edirəm” söyləyərək bu çağırışı xüsusi qeyd etmişdir ki, Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlərdə, həmçinin Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının toplantısında da bu məsələlərə xüsusi diqqət göstərildi.
Nazirlər Şurasının Qəbələdə keçirilən toplantısında bir daha vurğulandı ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır. Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinlədik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb. Formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb. Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Müqaviləsi ilə təməli qoyulan təşkilat çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edir. TDT arasında qardaşlıq və qarşılıqlı etimad gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır.
Bu çağırış da səsləndirildi ki, əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı da gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik. TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir.
Zirvə Görüşünün əhəmiyyəti çıxışlarda, eyni zamanda, ekspertlərin rəylərində də geniş qeyd olundu. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunmasının təşkilatın dinamik və dəyişən geosiyasi reallıqlara uyğun fəaliyyət göstərdiyinin göstəricisi olduğu xüsusi vurğulandı. Qeyd edildi ki, dünyada artan təhlükəsizlik riskləri və yeni təhdidlər fonunda TDT regional və qlobal miqyasda təhlükəsizlik məsələlərini diqqət mərkəzinə gətirir. TDT 16 illik fəaliyyət tarixinə baxmayaraq, onun tarixi kökləri və mənəvi dayaqları bundan daha dərin və qədimdir. Təşkilatın əsas missiyası sülhün qorunmasıdır. Lakin bu istiqamətdə fəaliyyət yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Müdafiə sənayesi, süni intellekt, kibertəhlükəsizlik, sərhəd keçidləri, qeyri-qanuni miqrasiya, narkotik və digər cinayətkar fəaliyyətlərlə mübarizə kimi mövzular da gündəlikdədir. Qardaş Türkiyənin eksperlərinin şərhlərində bildirilir ki, Türk Dövlətləri Təşkilatı zamanın ruhunu düzgün oxuyur və regional sabitliyin təminində mühüm rol oynayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bizim bir ailəmiz var, o da türk dövlətləri ailəsidir. Hər bir üzv bu ailənin birliyini, həmrəyliyini və əməkdaşlığımızı daha da möhkəmləndirməlidir.
Yeganə Əliyeva, “İki sahil”