06 oktyabr 2025 10:39
126

Azərbaycan-İtaliya əlaqələri qlobal səviyyədə strateji nümunəyə çevrilib

XXI əsrin geosiyasi reallıqları fonunda Cənubi Qafqaz regionu ilə Aralıq dənizi hövzəsini birləşdirən mühüm strateji xətt formalaşır. Bu xətt təkcə enerji və nəqliyyat dəhlizlərinin qovşağını deyil, eyni zamanda Avropa və Asiya arasında dayanıqlı siyasi əməkdaşlığın mərkəzini ifadə edir. Məhz yeni strateji düzən daxilində uzunmüddətli dostluq, qarşılıqlı etimad və dərin humanitar əlaqələr üzərində qurulan İtaliya–Azərbaycan tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Sentyabrın 30-da Bakıda keçirilən görüş və Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata verdiyi bəyanat həmin tərəfdaşlığın çoxölçülü mahiyyətini bir daha nümayiş etdirir. Siyasi, iqtisadi, enerji və təhsil sahələrini əhatə edən bu əlaqələr artıq həm ikitərəfli münasibətlərin inkişafını, həm də Avrasiya məkanında qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelini təcəssüm etdirir.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri iki dövlət arasında qarşılıqlı etimada və ortaq strateji məqsədlərə söykənən siyasi dialoqun davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Son illər ərzində rəsmi Bakı ilə Roma arasında münasibətlər əsl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlığın hüquqi bazasını 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və 2020-ci ildə qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təşkil edir. Hər iki sənəd ikitərəfli əlaqələri daha da möhkəmləndirərək, onları qarşılıqlı maraqlar və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulan davamlı siyasi münasibətlər səviyyəsinə qaldırıb.

Siyasi əlaqələrin fəallığı dövlət başçılarının mütəmadi görüşlərində, qarşılıqlı səfərlərində və müxtəlif beynəlxalq platformalarda aparılan dialoqlarda özünü aydın göstərir. İtaliya və Azərbaycan arasında yaranmış bu yüksək səviyyəli etimad mühiti yalnız ikitərəfli münasibətləri deyil, həm də Avropa–Qafqaz əməkdaşlığı üçün strateji dayaq nöqtəsini formalaşdırır.

Enerji sahəsi İtaliya–Azərbaycan əlaqələrinin əsas dayaqlarından biridir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşı statusunu qoruyur, energetika isə bu münasibətlərin aparıcı istiqamətidir. Bu əməkdaşlığın konkret təzahürü olan Trans-Adriatik boru kəməri (TAP) layihəsi iki ölkə arasında qarşılıqlı inamın, həmrəyliyin və strateji tərəfdaşlığın uğurlu nəticəsidir. Bu dost ölkənin dövlət başçısı 2018-ci ildə səfəri zamanı TAP layihəsi hələ reallaşma mərhələsinə keçməmişdi. Lakin onun diplomatik dəstəyi və məsuliyyətli mövqeyi nəticəsində layihə uğurla başa çatdı və 2020-ci ildən etibarən Azərbaycan qazı İtaliyaya ixrac olunmağa başladı. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə dövlətimiz 14 ölkəyə təbii qaz tədarük edir. Bu, təkcə iqtisadi nailiyyət deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji uğurdur. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir: “Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.

TAP layihəsinin uğuru indi daha böyük miqyaslı təşəbbüslərə yol açır. Azərbaycan artıq Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq bu enerji dəhlizi Cənub Qaz Dəhlizinin təbii davamı olacaq və İtaliya burada da mühüm tərəfdaş kimi iştirak edəcək.

İkitərəfli münasibətlərin humanitar ölçüsü son illərdə yeni məzmun kəsb edib. Bu sahədə ən mühüm hadisələrdən biri İtaliya–Azərbaycan Universitetinin yaradılmasıdır. Energetika və sənaye sahəsində qurulan möhkəm əməkdaşlıq artıq elm, təhsil və mədəniyyət sahəsinə də uğurla keçib. Universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyevin Romaya dövlət səfəri zamanı irəli sürülüb. Layihə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında imzalanmış akademik əməkdaşlıq sazişləri əsasında həyata keçirilib. 2025-ci il oktyabrın 1-də Bakıda açılan universitetin ilk tədris korpusları iki ölkə arasında təhsil sahəsində formalaşan yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsidir. Burada hazırda 538 bakalavr və 102 magistr tələbə təhsil alır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir.

Universitetdə 6 tədqiqat və 7 tədris laboratoriyası, “İpək Yolu” konsepsiyalı bazar meydanı, müasir kitabxana və interaktiv studiyalar fəaliyyət göstərir. Bu, təhsili praktik fəaliyyətlə birləşdirən, tələbələri gələcəyin qlobal bazarına hazırlayan müasir akademik mühitin formalaşmasına imkan yaradır. Prezident İlham Əliyevin sözləri ilə desək, burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu layihə iki ölkə arasında mədəni yaxınlığın, humanitar dialoqun və elmi inteqrasiyanın real təzahürüdür. İtaliya-Azərbaycan Universiteti, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin modernləşməsinə və beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir.

İtaliya Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya layihələrində mühüm rol oynamaqla, həm də ölkəmizin Avropa bazarlarına inteqrasiyasına real dəstək göstərir. Son illərdə Avropa İttifaqı ilə əməkdaşlıqda müşahidə olunan müsbət tendensiyalar məhz bu dostluq və qarşılıqlı etimad siyasətinin nəticəsidir.

İtaliya–Azərbaycan münasibətləri artıq sadəcə diplomatik və iqtisadi əlaqələr çərçivəsində deyil, praktiki nəticələr və humanitar dəyərlər üzərində qurulmuş strateji əməkdaşlıq modeli kimi formalaşıb. Bu əlaqələr yalnız sənədlərdə deyil, həm də konkret işlərdə, reallaşan layihələrdə və insanların gündəlik həyatında öz əksini tapır. Enerji, sənaye, təhsil, mədəniyyət və diplomatiya sahələrində həyata keçirilən təşəbbüslər bu münasibətləri Avropa və Cənubi Qafqaz arasında körpü rolunu oynayan unikal əməkdaşlıq formatına çevirib.

Beləliklə, İtaliya Prezidentinin bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər qarşılıqlı etimad, praqmatik əməkdaşlıq və dərin humanitar təməllər üzərində qurulub. Bu gün iki dövlət təkcə enerji sahəsində deyil, həm də elm, təhsil, mədəniyyət və texnologiya müstəvisində uzunmüddətli strateji tərəfdaşlıq modelini həyata keçirir. İtaliya–Azərbaycan münasibətləri artıq regionda və qlobal miqyasda qarşılıqlı fayda və ortaq maraqlara əsaslanan yeni əməkdaşlıq nümunəsi kimi qəbul olunur. Bu münasibətlər gələcəyin sabit, sülhə, tərəqqiyə və davamlı inkişafa yönəlmiş strateji vizyonunun parlaq təcəssümüdür.

Elşən Alıyev,
​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini