08 oktyabr 2025 10:17
111

Avropa çempionatı: İki boksçu finala yüksəlib, biri bürünc medal qazanıb

Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından “İki sahil”ə verilən məlumata görə, Banuçiçək Nəsirli (48 kiloqram) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gələcək.

Bilalhəbaşi Nəzərov (50 kiloqram) isə Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkib. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Avropa çempionatında final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.