İtaliya Prezidenti Mattarella Azərbaycana ikinci dəfə səfər etməsi iki ölkə arasında əlaqələrin inkişafından xəbər verir. İki ölkə strateji tərəfdaşlıq yönündə mühüm addımlar atır.
Azərbaycan-İtalya arasında iqtisadi, təhsil, energetika sahəsində əldə olunan razılaşmalar qarşılıqlı etimad və tərəfdaşlıq əlaqələrinin hüquqi bazasının inkişafı gələcək perspektivdən xəbər verir.
Azərbaycanın nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki ölkə arasında münasibətlərin təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını bir daha vurğulayır. TAP və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr yalnız iqtisadi maraqlar deyil, həm də siyasi iradə sayəsində həyata keçib. Prezident Mattarellanın vaxtilə bu məsələyə şəxsi müdaxiləsi Azərbaycanın təşəbbüslərinin Avropa üçün əhəmiyyətini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev görüş zamanı səsləndirdiyi bəyanatda bu fikirləri səsləndirib: “O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.Mən Prezident Mattarellaya məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.
Onu da bildirək ki, Azərbaycan-İtaliya tərəfdaşlığı Avropa İttifaqı ilə münasibətlər kontekstində də xüsusi əhəmiyyət kəsb edir. İtaliya həmişə Azərbaycanın Aİ ilə əməkdaşlığını dəstəkləyib və bu gün də bu dəstək açıq şəkildə hiss olunur.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı