Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin sabit inkişafı, iqtisadi tərəqqisi və sosial rifahı üçün əsas amildir. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın, əməkdaşlığın və birgə təhlükəsizlik mexanizmlərinin qurulması dövlətlərin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada Türk Dövlətləri Təşkilatının fəaliyyəti regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik məsələləri əsas məqsəd və vəzifələr sırasında öz əksini tapmışdır. Türk dövlətləri arasında siyasi dialoqun, qarşılıqlı etimadın və müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi TDT-nin prioritet istiqamətlərindəndir. Müasir dövrdə dünyada artan geosiyasi gərginlik, regional münaqişələr və təhlükəsizlik riskləri fonunda bu istiqamətdə atılan addımlar xüsusi aktuallıq kəsb edir.
Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi, regionda sülhün və sabitliyin təmin olunmasına daim töhfə verir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaradaraq sülh, əməkdaşlıq və inkişaf üçün geniş imkanlar formalaşdırmışdır. Bu baxımdan, TDT çərçivəsində aparılan müzakirələr, qəbul edilən qərarlar və imzalanan sənədlər bölgədə dayanıqlı sülhün bərqərar olmasına yönəlmişdir.
Ötən il Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi Türk dünyasının birliyinin, həmrəyliyinin və sülhə sadiqliyinin bariz təzahürüdür. Bu sənəd, Türk dövlətlərinin regional təhlükəsizlik sistemində birgə fəaliyyətini gücləndirmək, siyasi, iqtisadi və humanitar əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Qarabağ Bəyannaməsi həm də Türk dünyasının gələcək inkişafı üçün strateji istiqamətləri müəyyən edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür.
Bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusu da təsadüfi deyil. Bu mövzu, müasir dövrdə qarşıya çıxan çağırışlar fonunda Türk Dövlətlərinin vahid mövqedən çıxış etməsinin, ümumi maraqlar əsasında birləşməsinin və bir-birinə dəstək göstərməsinin vacibliyini ön plana çıxarır. Birliyin əsas məqsədi regionda dayanıqlı sabitliyi təmin etmək, iqtisadi və sosial inkişaf üçün əlverişli mühit formalaşdırmaqdır.
Türk Dövlətləri Təşkilatının fəaliyyət prinsipləri qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas normalarına əsaslanır. Bu prinsiplər təşkilatın sülhsevər xarakterini və təhlükəsizlik sahəsində oynadığı müsbət rolu bir daha təsdiqləyir.
TDT çərçivəsində həyata keçirilən layihələr, müdafiə və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi, habelə fövqəladə hallarla mübarizə istiqamətində birgə təşəbbüslər üzv dövlətlərin təhlükəsizlik potensialını gücləndirir. Həmçinin, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi regional təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verir.
Türk dövlətlərinin birliyi, yalnız iqtisadi və mədəni sahələrdə deyil, həm də sülh və təhlükəsizlik məsələlərində birgə mövqedən çıxış etməklə regionda sabitliyin qorunmasına xidmət edir. Bu birliyin möhkəmlənməsi həm Türk dünyasının, həm də bütövlükdə Avrasiya məkanının təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı sülh, sabitlik və təhlükəsizlik ideyalarının təbliğində, regional əməkdaşlığın gücləndirilməsində və beynəlxalq aləmdə Türk dünyasının vahid güc mərkəzi kimi tanıdılmasında mühüm rol oynayır. Türk dövlətləri bir araya gələrək, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında yeni təhlükəsizlik modelinin formalaşmasına əhəmiyyətli töhfə verməkdədirlər.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı