08 oktyabr 2025 10:01
173

Türk Dövlətləri Təşkilatı: Artan Nüfuz və Strateji Əməkdaşlıq

Son illər Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq miqyasda nüfuzunu artıraraq, regional və qlobal səviyyədə mühüm siyasi, iqtisadi və mədəni proseslərə təsir göstərən əsas mərkəzlərdən birinə çevrilmişdir. Üzv dövlətlər arasında qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlara əsaslanan münasibətlər təşkilatın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycan Respublikası hər zaman Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biri kimi təşkilatın güclənməsinə, onun fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm töhfələr verir. Ölkəmiz, təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Bu, Azərbaycanın Türk dünyasının birliyinə, əməkdaşlıq və həmrəyliyə verdiyi önəmin bariz göstəricisidir.
TDT-nin formalaşmasında daxili sabitlik, iqtisadi dayanıqlılıq və siyasi iradə mühüm rol oynayır. Bu kontekstdə təşkilata üzv ölkələrin hər birinin sabit daxili mühiti, iqtisadi inkişaf strategiyası və müsbət demoqrafik göstəriciləri mühüm əhəmiyyət kəsb edir. Gənc və dinamik əhali, geniş təbii resurs potensialı, əlverişli coğrafi mövqe və nəqliyyat-logistika imkanları Türk Dövlətləri Təşkilatını qlobal arenada mühüm geosiyasi aktora çevirir.
Bu potensial sayəsində Türk Dövlətləri Asiyadan Avropaya, Qafqazdan Orta Asiyaya qədər geniş bir coğrafiyada inteqrasiya proseslərini gücləndirən mühüm körpü rolunu oynayır. Enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, mədəniyyət və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi TDT ölkələrinin iqtisadi və sosial inkişafına böyük töhfə verir. 

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Belə toplantılar üzv ölkələr arasında siyasi dialoqun daha səmərəli şəkildə aparılmasına, dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradır.  Ötən il ilk dəfə Azərbaycan Respublikasının mədəni paytaxtı olan Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin, mənəvi birliyinin və ortaq dəyərlərinin təntənəsi kimi tarixə düşdü. Bu il Budapeştdə baş tutmuş növbəti görüş isə mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı. Hər iki tədbir Türk Dövlətləri Təşkilatının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.  Bu cür Zirvə görüşləri, yalnız siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün deyil, eyni zamanda ortaq tarixi və mədəni dəyərlərin qorunması, gənclər arasında əlaqələrin möhkəmləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsi baxımından da vacib platforma rolunu oynayır.

Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq çərçivəsində bir birlik deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi güc mərkəzidir. Təşkilatın gələcək inkişafı Türk dövlətlərinin qarşılıqlı həmrəyliyindən, bir-birinə olan etimadından və ortaq məqsədlərə sədaqətindən asılı olacaq. Azərbaycanın təşəbbüsləri, üzv ölkələr arasında birliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə yönəlmiş addımları bu məqsədlərin reallaşmasına mühüm töhfə verir. Türk dünyasının birliyi, ortaq tarix və mənəvi dəyərlər əsasında daha da güclənərək, qlobal arenada sülhün, sabitliyin və inkişafın təminatçısına çevriləcəkdir.

Xətayə Bənnayeva,
YAP Xətai rayon təşkilatının fəalı