Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) regionun və dünyanın mühüm geosiyasi mərkəzlərindən birinə çevrilib. Qısa müddət ərzində təşkilat üzv dövlətlər arasında iqtisadi, siyasi, mədəni və humanitar əməkdaşlığın dərinləşməsi üçün səmərəli platforma yaradıb. TDT-nin fəaliyyəti Türk dünyasının tarixi birliyinin, qarşılıqlı hörmətin və qarşılıqlı dəstəyin bariz təzahürüdür.
Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi dövründə təşkilat daxilində əməkdaşlıq daha da genişlənmiş, ortaq layihələrin icrası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, həm də regional sabitliyin və inkişafın təminatçısı olan strateji birlik kimi formalaşır.
TDT-nin beynəlxalq nüfuzunun artması, onun siyasi çəkisinin güclənməsi və beynəlxalq səviyyədə tanınması qürurverici haldır. Təşkilatın fəaliyyətində qarşılıqlı etimad, dostluq və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsas yer tutur. Ortaq tarixi və etnik köklər, mədəni və mənəvi dəyərlər, ortaq dil və din bizi bir ailə kimi birləşdirir.
Türk xalqları əsrlər boyu ortaq tarixə və sivilizasiyaya malik olublar. Bu gün həmin ortaq dəyərlər müasir dövrdə də yeni məzmun qazanaraq Türk Dövlətləri Təşkilatı vasitəsilə beynəlxalq əməkdaşlığa xidmət edir. Mədəniyyət, təhsil, elmi tədqiqatlar, gənclər siyasəti və turizm kimi sahələrdə birgə layihələr Türk dövlətləri arasında əlaqələri daha da möhkəmləndirir.
Azərbaycan da TDT-nin fəal üzvlərindən biri kimi bu birliyin güclənməsinə mühüm töhfə verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Türk dünyası ilə strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir. Xüsusilə iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri TDT-nin potensialını artırır.
Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması, Orta Dəhliz və Transxəzər nəqliyyat xəttinin inkişafı Türk dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək, Avrasiyanın əsas tranzit və logistika mərkəzinə çevrilməsinə təkan verəcəkdir.
Təşkilatın məqsədi təkcə üzv ölkələr arasında əlaqələri gücləndirmək deyil, həm də bütün Türk dünyasını bir araya gətirərək sülh, sabitlik və tərəqqiyə xidmət etməkdir. TDT-nin təşəbbüsləri regionda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradır.
Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə artan rolu, Türk dünyasının həmrəyliyinin güclənməsi bütün üzv ölkələrin siyasi və iqtisadi sabitliyinə xidmət edir. Türk xalqlarının birliyi bu gün regional və qlobal təhlükəsizlik arxitekturasının vacib elementinə çevrilmişdir.
Ortaq tariximiz, milli-mənəvi dəyərlərimiz, dil və mədəniyyət bağlarımız gələcək nəsillər üçün birlik və həmrəylik ideyasının ən güclü dayağıdır. Türk dünyasının birliyi və gücü bundan sonra da regionda sülhün, sabitliyin və tərəqqinin təminatçısı olacaq.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı