08 oktyabr 2025 10:01
202

Regional sülhün yeni reallıqları

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Güclü orduya malik olmaq təkcə dövlətin özünü müdafiə qabiliyyətini artırmır, eyni zamanda onun beynəlxalq aləmdə siyasi çəkisini və nüfuzunu möhkəmləndirir. Azərbaycanın son illərdə bu istiqamətdə əldə etdiyi nailiyyətlər regionda yeni təhlükəsizlik reallıqlarının formalaşmasına səbəb olmuşdur.

2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər dövlətimizin gücünü, xalqımızın birliyini və müasir hərbi potensialımızı bütün dünyaya nümayiş etdirdi. Ermənistanın illərlə davam edən işğal siyasətinə son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa edildi. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam şəkildə bərpa olundu, separatçılığa birdəfəlik son qoyuldu. Bu hadisələr yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə olmuşdur.

Bu gün Azərbaycan regionda sabitliyin və inkişafın əsas təminatçısı kimi çıxış edir. Rəqəmsal, nəqliyyat, enerji və təhlükəsizlik layihələrinin mərkəzində dayanan ölkəmiz sülhə və əməkdaşlığa əsaslanan yeni regional nizamın formalaşmasında aparıcı rol oynayır. Azərbaycan dövləti müharibədən sonra bərpa və quruculuq işlərinə böyük diqqət yetirir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirilir, müasir infrastruktur yaradılır. Bütün bu işlər Cənubi Qafqazda dayanıqlı sülhün və firavanlığın əsasını təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun aparıcı gücünə çevrilmişdir. Bu güc sülhə, tərəqqiyə və əməkdaşlığa xidmət edir. Azərbaycanın ədalətli mövqeyi bu gün beynəlxalq aləmdə dəstəklənir və ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycanın əldə etdiyi bu nailiyyətlər onu göstərir ki, müstəqil siyasət yürüdən, güclü ordusu və xalq-iqtidar birliyi olan dövlət qarşısında heç bir maneə dayana bilməz. Zəfərimiz və bərpa olunan ərazi bütövlüyümüz gələcək nəsillər üçün həm milli qürur, həm də güclü dövlətçilik dərsidir.

Aygün Nəzərli,
YAP Xətai rayon təşkilatının fəalı