08 oktyabr 2025 12:32
114

Türk Dövlətləri Təşkilatı Avrasiyada dayanıqlı sabitlik və çoxtərəfli əməkdaşlığa mühüm töhfələr verir

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının siyasi tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Bu mötəbər tədbir uzun illərdir davam edən inteqrasiya proseslərinin konkret nəticələrini ortaya qoyaraq Türk dünyasının qlobal sistemdə yeni rolunu müəyyənləşdirib.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev türk birliyinin mahiyyətini praqmatik maraqlar, qarşılıqlı siyasi güvən və müasir dünyada müstəqil qərar qəbul etmə qabiliyyəti ilə izah edib. Bu amillər sübut edir ki, Türk dövlətləri artıq regional hadisələrin müşahidəçisi deyil, qlobal siyasi gündəmi formalaşdıran subyektə çevrilib. Hazırda TDT-nin fəaliyyəti yalnız iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmır, bu təşkilat Avrasiya məkanında güc mərkəzlərindən birinə çevrilir. Nəticədə, türk birliyi artıq sadəcə əməkdaşlıq formatı deyil, beynəlxalq səviyyədə strateji təsir platforması kimi çıxış edir. Həmin mövqenin əsasında uzun illər ərzində qurulmuş siyasi əlaqələr, hərbi koordinasiya və iqtisadi inteqrasiyanın möhkəm təməlləri dayanır.

Türk dövlətləri dünyanın ən mühüm enerji resurslarına, tranzit yollarına və demoqrafik potensiala malikdir. Həmin resurslar ümumi türk məkanının qlobal təsir gücünü müəyyənləşdirir. Türk dünyasının səsi Avrasiya miqyasında eşidilir və bu, real siyasi təsir faktorudur. Azərbaycanın Katibliyə iki milyon ABŞ dolları məbləğində ianə etməsi birliyin praktiki fəaliyyətinə verilən dəstəyin bir təzahürüdür. Belə addım dövlətimizin türk dünyasının siyasi və iqtisadi birliyinə sarsılmaz töhfə vermək əzmini nümayiş etdirir.

Dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni risklərin artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri sülhü qorumaq və regional sabitliyi təmin etməkdir. Naxçıvan Sazişində təsbit olunan həmin məqsəd hazırda daha aktual xarakter daşıyır. Azərbaycanın Türkiyə ilə keçirdiyi çoxsaylı birgə hərbi təlimlər TDT məkanında təhlükəsizlik koordinasiyasının dərinləşməsi üçün praktik model rolunu oynayır. Bu əməkdaşlıq mexanizmləri sayəsində Türk dövlətləri hərbi və təhlükəsizlik sahəsində öz imkanlarını birləşdirərək ortaq müdafiə sisteminin əsaslarını formalaşdırırlar. Prezident İlham Əliyevin gələn il ərzində TDT ölkələrinin Azərbaycanda birgə təlim keçirməsi barədə təklifi bu istiqamətdə mühüm addım olacaq. Bu təşəbbüs bir daha sübut edir ki, təhlükəsizlik – iqtisadi tərəqqi və sülhün əsas şərtidir.

Dövlətimizin başçısı çıxışında ölkəmizin ədalətli sülh siyasətinin nəticələrini diqqətə çatdırıb. Vaşinqtonda paraflanmış sülh sazişi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünü başlatmaq potensialına malikdir. Bu saziş yalnız regionun deyil, bütün türk coğrafiyasının təhlükəsizlik sisteminə töhfə verir. Həmin siyasət Türk dünyasının beynəlxalq münasibətlərdə sülhə əsaslanan model təqdim etdiyini göstərir. Prezident İlham Əliyev vurğulayıb ki, Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

Zirvədə səsləndirilən əsas məsələlərdən biri türk coğrafiyasının qlobal nəqliyyat və enerji marşrutlarında artan roluna həsr olunmuşdu. Azərbaycan bu gün həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizlərinin aparıcı iştirakçısına çevrilib. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması regionun tranzit gücünün sürətlə yüksəldiyini göstərir. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər layihələr türk dünyasını birləşdirən real iqtisadi keçid funksiyasını yerinə yetirir. Zəngəzur dəhlizi isə bu sistemin strateji tamamlayıcısı kimi çıxış edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında enerji siyasəti həm strateji, həm də ekoloji aspektdən təhlil olunub. Azərbaycan bu gün 14 ölkəyə qaz ixrac etməklə regionun enerji sabitliyinin təminatçısı rolunu oynayır. Bununla yanaşı, bərpaolunan enerji sektorunun inkişafı Türk dünyasının yaşıl keçid modelini formalaşdırır. 2030-cu ilə qədər enerji istehsalının 40 faizi alternativ mənbələrdən əldə ediləcək. Bu amillər həm enerji təhlükəsizliyi, həm də ekoloji sabitlik baxımından mühüm dönüş nöqtəsidir. TDT ölkələri arasında qarşılıqlı sərmayələrin həcmi 20 milyard dolları ötüb. Bütün bunlar birliyin inteqrasiyasının real iqtisadi göstəricilərlə təsdiqləndiyini göstərir.

Türk dünyasının gələcəyi yalnız iqtisadi və siyasi maraqlarla deyil, ortaq kimlik və tarixi yaddaşla müəyyən olunur. Azərbaycan Prezidentinin 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində qeyd olunması barədə təklifi bu istiqamətdə böyük mədəni hadisə olacaq. Həmin təşəbbüs ortaq dil, elm, ədəbiyyat və təhsil layihələrinin gücləndirilməsinə, gənc nəslin türk kimliyini daha dərindən dərk etməsinə xidmət edəcək. Bu faktorlar mədəni diplomatiyanın yeni mərhələsinin əsasını qoyur.

Dövlətimizin başçısı çıxışında, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin dəstəyini vurğulayıb. Füzuli, Ağdam və Cəbrayılda türk dövlətlərinin yardımı ilə inşa olunan məktəblər, mədəniyyət ocaqları və məscidlər Türk həmrəyliyinin bariz nümunəsidir. Bu layihələr bir daha sübut edir ki, Türk birliyi yalnız siyasi və iqtisadi mexanizm deyil, həm də mənəvi və emosional güc mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası türk həmrəyliyinin humanist mahiyyətini dünyaya nümayiş etdirən unikal modeldir.

Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yeni geosiyasi reallıqlarda formalaşan müstəqil güc mərkəzidir. Prezident İlham Əliyevin çıxışı bu birliyin gələcək strategiyasını aydın və sistemli şəkildə nümayiş etdirir. Sülhə, tərəqqiyə və davamlı inkişafa yönəlmiş strateji məsələlər Türk dünyasının XXI əsrdə qlobal siyasətin mühüm dayaqlarından birinə çevriləcəyini göstərir. Qəbələdən başlayan bu mərhələ türk dövlətlərinin həmrəyliyi, özünəinamı və strateji uzaqgörənliyin parlaq təcəssümüdür.

Heydər Əsədov,
​Milli Məclisin deputatı