08 oktyabr 2025 15:24
120

Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü: Birlik, əməkdaşlıq və inkişafın strateji persektivləri

Azərbaycan Respublikasının xarici siyasətinin əsasını dünya dövlətləri ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi təşkil edir. Xüsusilə, Türk dövlətləri ilə mehriban münasibətlərin möhkəmləndirilməsi, dostluq əlaqələrinin dərinləşdirilməsi, Türk dünyasının beynəlxalq arenadakı nüfuzunun artırılması və ölkələrarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması bu siyasətin mühüm istiqamətlərindəndir. Tarixə nəzər saldıqda aydın görünür ki, bu strateji xəttin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən xarici siyasət dayanır. Dahi şəxsiyyət Heydər Əliyev dövlətin xarici siyasət kursunu formalaşdırarkən türk dövlətləri ilə əlaqələrin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmiş və onların möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hakimiyyətə gəldiyi ilk gündən Türk dünyasının birliyinin güclənməsi, siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın dərinləşməsi, bu birliklərin beynəlxalq səviyyədə nüfuzlu güc mərkəzinə çevrilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Bu istiqamət Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Hazırda Türk dünyasının birliyini, həmrəyliyini və qardaşlığını beynəlxalq səviyyədə təcəssüm etdirən əsas qurum “Türk Dövlətləri Təşkilatı”dır. Bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilən Zirvə Görüşündə imzaladığı Naxçıvan Sazişinə əsasən yaradılmış və 2012-ci il 1 noyabr tarixindən fəaliyyətə başlamışdır. 2021-ci ilin noyabr ayında İstanbulda keçirilən və təşkilatın gələcək inkişafında mühüm əhəmiyyət kəsb edən Zirvə görüşündə qurumun adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”ndan “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilmişdir. Həmin Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir. Bu mükafat cənab Prezidentin Azərbaycanın 2019–2021-ci illərdə təşkilata sədrlik etdiyi dövrdə Şuranın fəaliyyətinin gücləndirilməsi, eləcə də üzv dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərin layiqli qiymətləndirilməsi idi. Azərbaycanın təşkilata sədrliyi dövrü həm İkinci Qarabağ müharibəsinin baş verdiyi illərə, həm də bütün dünyanı sarsıdan pandemiya mərhələsinə təsadüf etsə də, bu müddət ərzində ölkəmiz sədrlik missiyasını uğurla yerinə yetirmişdir.

Cari ilin 7 oktyabr tarixində Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Dövlət başçımız İlham Əliyev Zirvə görüşü çərçivəsndə çıxış etdi.

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) qlobal miqyasda təkcə iqtisadi və mədəni əməkdaşlıq platforması deyil, eyni zamanda mühüm geosiyasi aktor kimi formalaşır. Prezident İlham Əliyevin son Zirvə görüşündə səsləndirdiyi fikirlər bu prosesin strateji mahiyyətini və türk dünyasının gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi.

TDT-nin nüfuzunun artması türk dövlətləri arasında tarixi, etnik və mənəvi bağların möhkəm təməl üzərində yenidən gücləndirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ortaq tarixi və milli-mənəvi dəyərlər bizi bir ailə kimi birləşdirir və bu dəyərlər üzərində qurulan əməkdaşlıq artıq yeni geosiyasi reallıq yaradır.

Dövlətimizin başçısının vurğuladığı kimi, daxili siyasi sabitlik, güclü iqtisadi baza, müsbət demoqrafik göstəricilər, strateji nəqliyyat-logistika mövqeyi və artan hərbi-texniki potensial — bütün bunlar TDT-ni beynəlxalq sistemdə getdikcə daha çox söz sahibi olan güc mərkəzinə çevrilməsinə təkan verir.

Bu baxımdan, Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi Zirvə görüşlərinin ənənəyə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. 2023-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu il Budapeştdə baş tutan görüş təşkilatın siyasi təsir dairəsinin genişlənməsi baxımından mühüm qərarlarla yadda qalmışdır.

Sülh və təhlükəsizlik məsələləri bu gün hər bir dövlətin inkişafının əsas dayağıdır. Prezident İlham Əliyev Naxçıvan Sazişində də göstərildiyi kimi, TDT-nin əsas məqsədlərindən birinin regional sabitliyin qorunması olduğunu vurğuladı. Bu baxımdan, Şuşa Görüşü zamanı  qəbul edilmiş Qarabağ Bəyannaməsi türk dövlətlərinin vahid təhlükəsizlik fəlsəfəsini bir daha nümayiş etdirmişdir. Cənab Prezidentin vurğuladığı kimi, müasir geosiyasi çağırışlar fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Mövcud beynəlxalq şəraitdə, beynəlxalq hüququn prinsiplərinin tez-tez pozulduğu bir dövrdə, hərbi və hərbi-texniki əməkdaşlıq türk dövlətləri arasında qarşılıqlı etimadın əsas sütununa çevrilib. Azərbaycan bu sahədə xüsusilə Türkiyə ilə müttəfiqlik münasibətlərini dərinləşdirərək son bir ildə 25-dən artıq birgə hərbi təlimin keçirilməsini təmin etmişdir.

Dövlət başçımız  2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif etdi.

2020-ci ildə qazandığımız 44 günlük Vətən müharibəsi Zəfərimiz və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpası yalnız milli qələbə deyil, həm də regionda ədalətin və sülhün bərqərar olunmasının mühüm amili olmuşdur. Cənab Prezident bu tarixi nailiyyətin yalnız dövlətimizin milli iradəsinin, əzmkar mübarizəsinin təntənəsi olmaqla kifayətlənmədiyini, eyni zamanda, bölgədə sülhün və sabitliyin bərqərar olmasına da mühüm töhfə verdiyini bildirdi.

Möhtərəm Prezident çıxışında iki ay öncə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və nəticədə sentyabrın 1-də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə Cənubi Qafqazda yeni sülh mərhələsinin başlanğıcının qoyulduğunu söylədi.

Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı üzv ölkələrin iqtisadi inteqrasiyasını gücləndirən əsas sütunlardan biridir. Azərbaycan bu istiqamətdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm iştirakçısıdır və Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.

Son illərdə Orta Dəhlizlə yükdaşımalar 90 faiz artıb, tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, illik gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı Azərbaycanın regionda qlobal logistika mərkəzinə çevrildiyini təsdiqləyir.

Dövlət başçımız Vaşinqton Zirvəsinin əsas nəticələrindən birinin Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar  olduğunu bildirdi. Bu dəhliz Orta Dəhliz və Şimal–Cənub marşrutlarını birləşdirən yeni strateji arteriya kimi çıxış edərək türk dövlətlərini birbaşa əlaqələndirəcək.

Cənab Prezident ölkəmizin enerji təhlükəsizliyi sahəsində də fəal rol oynadığından bəhs etdi. Hazırda dövlətimiz 14 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında birinci yerdədir. Şaxələndirilmiş neft-qaz kəmərləri sayəsində Xəzər regionu beynəlxalq bazarlara etibarlı şəkildə inteqrasiya olunur.

Cənab Prezident Azərbaycanda bərpaolunan enerji mənbələri – Günəş, külək və su elektrik enerjisi istiqamətində həyata keçirilən  genişmiqyaslı layihələrdən də söz açdı. 2030-cu ilə qədər dövlətimiz enerji istehsalının 40 faizini bərpaolunan mənbələr hesabına təmin etməyi hədəfləyir. Bu məqsədlə Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa “yaşıl enerji dəhlizi” üzərində iş aparılır.

Eyni zamanda, Azərbaycan TDT-yə üzv ölkələrlə birgə sərmayə fondları yaradaraq qarşılıqlı investisiya fəaliyyətini genişləndirir. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırılıb ki, bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına yönəlib. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə fondlar isə gələcəkdə çoxsaylı strateji layihələrin icrasına xidmət edəcək.

Bu təşəbbüslər Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi, enerji və nəqliyyat sahələrində sinerjinin artırılması, eləcə də regionun dayanıqlı inkişafının təmin olunması məqsədlərinə xidmət edir.

Türk dövlətlərini birləşdirən ən güclü bağ ortaq tarix, dil və mədəni irsdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultay türk xalqlarının mədəni və elmi birliyinin təməlini qoymuşdur. Möhtərəm Prezidentimiz gələn il bu tarixi hadisənin 100 illiyi münasibətilə TDT çərçivəsində təntənəli yubiley tədbirinin keçirilməsini təklif edib.

Dövlət başçımız çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasında türk dövlətlərinin dəstəyindən də bəhs etdi. Belə ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu tikililər qardaş dövlətlər Özbəkistan, Qazaxıstan və Qırğısıstanın hədiyyələridir. Digər qarşdaş dövlətlər Macarıstan  tərəfindən  Cəbrayılda məktəb tikilmiş və Türkmənistanın təşəbbüsü ilə Füzulidə tikiləcək məscidin Zirvə görüşü çərçivəsində onlayn formatda təməli qoyulmuşdur. O cümlədən, qardaş Türkiyənin şirkətləri tərəfindən bölgədə  bir çox tunellər, körpülər, yollar inşa edilməkdədir.

Bu gün Türk Dövlətləri Təşkilatı regional əməkdaşlıq çərçivəsindən çıxaraq müstəqil geosiyasi güc mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin də dediyi kimi, bu təşkilat yalnız ortaq keçmişin deyil, həm də ortaq gələcəyin qurucusudur. Türk dünyasının birliyi, həmrəyliyi və strateji məqsədləri regionda sabitliyin, ədalətin və inkişafın əsas təminatına çevrilməkdədir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini