Bununla da Zirvə görüşü gələcək illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən Qəbələ Bəyannaməsinin imzalanması, eləcə də yeni dövlətlərin və tərəfdaşların türk əməkdaşlığına cəlb olunmasına imkan verəcək mexanizm olan “TDT+” formatının təsis edilməsi, Türk kimliyinin mədəni təməli olan Beynəlxalq Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət kəsb edirdi.
Və əlbəttə də ki, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad edilmiş Füzulidə məscid tikmək təklifi türk xalqlarını birləşdirən dərin mənəvi birliyin və qarşılıqlı hörmətin rəmzidir. Oxşar nümunələrə başqa layihələrdə də rast gəlmək olar: Özbəkistan tərəfindən tikilən Mirzə Uluqbek adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstandan Ağdamdakı Manas məktəbi, Macarıstandan Cəbrayılda tikilməkdə olan məktəb.
Qəbələdə keçirilən budəfəki sammit humanitar müstəvidən xeyli kənara çıxmışdır. Onun əsas mövzusu “Regional Sülh və Təhlükəsizlik”dir. Bu, şübhəsiz ki, etibarlı təhlükəsizlik sistemi və koordinasiyalı müdafiə səyləri olmadan inkişafın və suverenliyin mümkün olmadığını bütün türk dövlətləri tərəfindən etirafını əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi fəaliyyət göstərməsi son dərəcə vacibdir. Bu sözlər xüsusilə təsir mərkəzləri arasında rəqabətin gücləndiyi, yeni münaqişələrin diplomatiya deyil, güc yolu ilə həll olunduğu dünyada artan qeyri-sabitlik fonunda xüsusilə aktualdır. Son illərin hadisələri açıq şəkildə göstərir ki, həqiqi suverenliyə yalnız özünü müdafiə edə bilən dövlətlər malikdir. Odur ki, Azərbaycan Prezidentinin 2026-cı ildə TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin ölkəmizdə keçirilməsini təklif etməsi təsadüfi deyil. Bu, sadəcə olaraq həmrəylik nümayişi deyil, türk dünyası üçün vahid müdafiə məkanının yaradılması istiqamətində atılmış addımdır.
Türk dövlətlərinin Qəbələ sammiti göstərdi ki, türk dünyası artıq qardaşlıq bəyannaməsi ilə məhdudlaşmır, sistemli fəaliyyətə doğru gedir. Beynəlxalq qeyri-sabitlik, artan xarici təzyiqlər və yeni təhlükələr fonunda türk dövlətləri vahid cəbhə kimi fəaliyyət göstərməyin zəruriliyini getdikcə daha çox dərk edirlər. Ortaq hərbi sənaye kompleksinin yaradılması isə məhz türk dövlətlərini siyasi platformadan Avrasiyada əsl güc mərkəzinə çevirəcək layihə ola bilər. Bu gün Azərbaycan diplomatik çevikliyi hərbi qüdrətlə birləşdirməyə qadir olduğunu nümayiş etdirərək bu prosesdə əsas rolu öz üzərinə götürməyə hazırdır. Prezident İlham Əliyevin 2026-cı ildə birgə təlimlərin keçirilməsi ilə bağlı təklifi reallaşarsa, bu, türk dünyası üçün ortaq təhlükəsizlik sisteminin əməli formalaşdırılması istiqamətində mühüm addım olacaq.
Zəngəzur dəhlizinin açılmasının vurğulanması Qəbələ Sammitinin əsas strateji nəticələrindən biri kimi qiymətləndirilir. Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, bütün türk regionunu Avropa ilə birləşdirən yeni nəqliyyat arteriyasına çevriləcəkdir. Dövlət başçısı 2019-cu ildə TDT( o zaman-Türk Şurasının) VII Zirvə Görüşündə qeyd etmişdir ki, “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik”. Bu gün isə Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Beləliklə, TDT-nın nəqliyyat strategiyası – Mərkəzi dəhliz – Zəngəzur dəhlizi, Şimal-Cənub marşrutu gələcəkdə türk dövlətlərinin vahid iqtisadi və logistik məkanı olacaqdır. Hazırda inkişaf mərhələsində olan “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi türk dünyasının həm enerji ixracatçısı, həm də bərpa olunan enerji qovşağına çevrilməsinə şərait yaradacaqdır.
Dövlət başçısı öz çıxışında bildirdi ki: “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir”. Bu birliyi daha inkişaf etdirmək üçün vacib platformalardan biri də müxtəlif tədbirlərin keçirilməsidir. Bu mənada Prezident İlham Əliyev 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. Və bir daha xatırlatmaq lazımdır ki, bu Qurultayın həm elmi, həmi ictimai, həm də siyasi nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti vardır.
Qısa müddət ərzində (tarix üçün 16 il həqiqətən də qısadır) TDT mədəni platformadan Xəzərdən Mərkəzi Asiyaya qədər bütün regionun siyasətinə təsir edən strateji qərarlar qəbul etməyə qadir struktura çevrildi. Onun gücü dəyərlərin birliyində və prioritetlərin aydın, eyni zamanda gələcək hədəflərin hesablanmasındadır. “Regional sülh və təhlükəsizlik” devizi altında keçirilən Qəbələ Zirvə toplantısında türk dövlətlərinin rəhbərləri konkret qərarlar qəbul ediblər: müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi, “Türkiyə baxışı 2040” strategiyasının reallaşdırılması, yaşıl enerji dəhlizlərinin inkişafı. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Türk Təşkilatı müstəqil geosiyasi güc mərkəzi kimi formalaşır. Bu, ambisiya deyil, reallığın əksidir: türk dövlətləri vahid mövqedən çıxış etmək və bürokratik prosedurlara deyil, həqiqi tərəfdaşlığa əsaslanan kollektiv strategiya hazırlamaq bacarıqlarını nümayiş etdirirlər.
Bu TDT-ni digər qurumlardan, beynəlxalq təşkilatlardan fərqləndirən əsas cəhətdir. Üzv ölkələr bir-birinə ideologiyalar tətbiq etmirlər, lakin ümumi prinsiplər: suverenliyə hörmət, təhlükəsizlik, infrastrukturun inkişafı, enerji davamlılığı və mədəni identikliyin qorunması kimi prinsiplər ətrafında birləşirlər. Məsələn, bu günlərdə Kopenhagendə Avropa Siyasi Avropa Siyasi Birliyinin növbəti Sammiti keçirildi. Və əgər biz bu iki görüşü təhlil etsək görərik ki, artıq təşkilat bəyannamələrdə birləşir, lakin fəaliyyətdə bölünür. Çünki, maraqlar, prioritetlər toqquşur. Bu gün Avropanın siyasi, iqtisadi, maddi-texniki və ideoloji konsolidasiyaya həmişəkindən daha çox ehtiyacı var. Avropa kompromis dilində danışırsa, türk dünyası konsensus dilində fəaliyyət göstərir. Azərbaycan Qəbələ Sammitinin ev sahibi kimi nümayiş etdirdi ki, 21-ci əsrdə liderlik hökmranlıq etmək deyil, birləşmək və ruhlandırmaqdır.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor