13 oktyabr 2025 17:10
132

ADPU-nun Quba filialında beynəlxalq təlim-seminarların açılış tədbiri keçirilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarlara start verilib.

“İki sahil” xəbər verir ki,  Özbəkistandan olan geniş tərkibli təhsil heyəti açılış mərasimindən öncə rayon İcra Hakimiyyətinin nümayəndəsi və ADPU-nun Quba filialının əməkdaşları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Qubanın mərkəzində ucalan abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzülüb, Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərilib. 

ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev burada, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən dahi şəxsiyyətin türk dünyasının birliyi və həmrəyliyi istiqamətindəki məqsədyönlü fəaliyyəti barədə geniş məlumat verib.  Sonra Quba Şəhidlər xiyabanı ziyarət olunub. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə tər çiçəklər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələrinə böyük ehtiram göstərilib.  Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində aparılan milli mübarizə barədə ətraflı məlumat verilib.
Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xorazm vilayəti, Əndijan vilayəti) oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır. 

Tədbirdən əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə tanışlıq olub. Tanışlıq zamanı qonaqlar filialın Azərbaycan Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi və Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası ilə tanış olub, filialda Özbəkistanın tarixini əks etdirən guşələrin mövcudluğunu böyük qürur hissi ilə izlədiklərini dilə gətiriblər.  “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarların rəsmi açılışı oktyabrın 13-də ADPU-nun Quba filialının akt zalında təntənəli proqramla başlayıb. 

Özbəkistan və Azərbaycanın dövlət himləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Rəsmi hissədə ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Anar Məmmədov, Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Xodiqəxon Xoşimovanın çıxışları dinlənilib.

Tədbir Filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədovanın moderatorluğu ilə baş tutub.

Sonra “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarları barədə ümumi məlumat verilib. Bunun ardınca zəngin bədii hissə olub.  Prosesin birinci günü iştirakçılara “İnklüziv təhsil” mövzusunda ilk təlimlər keçirilib. 
Özbəkistan Respublikasından olan rəsmi pedaqoji heyət səfər çərçivəsində Qubanın təbiəti, turistik imkanları, həmçinin bölgənin sosial həyatı ilə yaxından tanış olacaqlar.