Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Lənkəran-Lerik yolundakı problemi aradan qaldırıb.
"İki sahil" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ötən gün axşam saatlarında güclü külək Lənkəran–Lerik avtomobil yolunun 20-ci kilometrində, Lerik rayonunun Piran kəndi ərazisində ağacın yola aşmasına səbəb olub. Hadisə nəticəsində avtonəqliyyat vasitələrinin avtomobil yolu ilə hərəkətində məhdudiyyət yaranıb.
Yol infrastrukturunda baş vermiş problemlə bağlı məlumat daxil olan kimi, dərhal hadisə yerinə Agentliyin Lerik rayonu üzrə "Yol İstismar" MMC-nin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yolla hərəkət qısa müddətdə bərpa edilib.